Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Xezerxeber.az məktubu təqdim edir:
“Hörmətli cənab Prezident.
Şadam ki, Azərbaycanın qlobal enerji məkanında transformasiyaya yol açan rolunu nümayiş etdirən Bakı Enerji Həftəsinə yenidən ev sahibliyi edirsiniz. Builki tədbirlər Bakının noyabr ayında həlledici COP29 tədbirinə ev sahibliyi etməyə hazırlaşdığı dönəmdə xüsusi əhəmiyyət kəsb edir. Temperatur artımının 1,5 dərəcədə saxlanılması hədəfinə nail olunması istiqamətində birgə işlədiyimiz bir vaxtda COP29 neft və qaz sektorunda metan tullantılarının məhdudlaşdırılması və təmiz enerji keçidinin irəlilədilməsi kimi əsas qlobal təşəbbüslərin inkişafı baxımından Azərbaycan üçün misilsiz imkan təqdim edir.
Azərbaycan xüsusilə Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalır. Xəzər qazı getdikcə çoxsaylı ölkələrə ixrac edilir və bu da Avropa ölkələrinə enerji mənbələrinin şaxələndirilməsinə, kömürdən imtinanın sürətləndirilməsinə yardım edir. Azərbaycan öz enerji tarixində yeni səhifə açarkən təmiz enerji və metan tullantılarının azaldılmasına artan diqqət və sadiqlik məndə məmnunluq doğurur. Xəzərin sahib olduğu əhəmiyyətli külək enerjisi potensialı Azərbaycanın təmiz enerji ixracının neft və qaz ixracını üstələyəcək gələcəyə gətirib çıxara bilər.
Regional sabitlik və əlaqələr Birləşmiş Ştatlar üçün prioritet məsələlərdir. Onilliklərlə davam etmiş münaqişəyə son qoyacaq möhkəm və ləyaqətli sülh sazişi Cənubi Qafqazı transformasiya edəcək və Azərbaycanın regiondakı rolunu fundamental şəkildə dəyişəcək. Birləşmiş Ştatlar bu nəcib iddianı dəstəkləməyə hazırdır. Biz sülh və firavanlığın təmin edilməsinin əsas prinsiplər olaraq qəbul olunmasını gələcək nəsillərə borcluyuq.
Mən möhkəm ikitərəfli əlaqələrimizə yeni təkan vermək imkanını alqışlayıram və COP tədbirinin uğurla keçirilməsi üçün qarşıdakı aylarda birgə əməkdaşlıq etmək arzusundayam. Bakı Enerji Həftəsinin uğurla keçməsini diləyirəm.