Xəzər Xəbər

Paşinyan: Sərhədlərin delimitasiyası yeni müharibənin qarşısını ala bilər

Gündəm | 11:09 • 10 Aprel 2024
Paşinyan: Sərhədlərin delimitasiyası yeni müharibənin qarşısını ala bilər

Tavuşda sərhədin delimitasiyası Azərbaycanla yeni müharibənin qarşısını ala bilər.

Xezerxeber.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün Milli Assambleyada hökumətin 2023-cü il üçün planının yekunlarına dair hesabatın müzakirəsi zamanı deyib.

O bildirib ki, bununla belə, bu, yeni müharibənin olmayacağına zəmanət vermir: “Buna baxmayaraq, delimitasiya aparılmalıdır. Bunu etiraf etmək çətindir, lakin bu, faktdır”.

N.Paşinyanın sözlərinə görə, Ermənistanın beynəlxalq miqyasda tanınmış sərhədlərinin müəyyənləşdirilməsi ölkənin təhlükəsizliyi üçün əsas amildir: “Mən buna 2022-ci ildə əmin oldum. Başa düşdüm ki, sərhədlərin müəyyənləşdirilməsi yaxın, orta və uzun müddətli perspektivdə təhlükəsizliyimiz üçün həlledicidir. Belə ki, 2022-ci ildən sonra siyasi-psixoloji proses başladı. Bunu real və tarixi Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi prosesi adlandırmaq olar”.

Hökumət başçısı vurğulayıb ki, tarixi və real Ermənistan arasında ciddi ziddiyyətlər var. Onun sözlərinə görə, tarixi Ermənistan hazırkı Ermənistanın ərazi bütövlüyünü tanımır, tarixi Ermənistan və hazırkı Ermənistan nəinki bir-birinə uyğun gəlmir, həm də tez-tez bir-biri ilə ziddiyyət təşkil edir və hətta biri digəri üçün ciddi təhlükələr yaradır. 

"Biz diqqətimizi hazırkı Ermənistanın maraqlarına xidmət etməyə yönəltməliyik, əks halda xarici təhlükəsizlik çağırışlarını həll etmək şansımız olmayacaq. Real Ermənistan beynəlxalq miqyasda 29 min 743 kvadrat kilometr ərazisi ilə tanınan ölkədir", - Ermənistan Baş naziri vurğulayıb.

 

Xəbər lenti

Çox oxunanlar