Xəzər Xəbər

Azərbaycanın Fransadakı səfiri yerli televiziyaya ölkəmizlə bağlı reallıqlardan danışdı

Gündəm | 18:00 • 6 Aprel 2024
Azərbaycanın Fransadakı səfiri yerli televiziyaya ölkəmizlə bağlı reallıqlardan

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin “Openboxtv” telekanalında Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin sabiq kəşfiyyat direktoru, Baş nazirin iqtisadi intellekt üzrə sabiq məsul rəhbəri Alən Juiyenin (Alain Juillet) qonağı olub.

Xezerxeber.az xəbər verir ki, verilişdə Azərbaycanın demokratik, dünyəvi və multikultural ölkə olmasından, keçmiş Qarabağ münaqişəsindən, BMT qətnamələrindən, Zəngəzur nəqliyyat dəhlizindən, ölkəmizin Ukrayna ilə bağlı mövqeyindən, COP29-a ev sahibliyi etməsindən danışılıb.

Səfir, ilk növbədə, Fransada Azərbaycanla bağlı məlumatsızlığı qeyd edərək yerli mətbuatda ölkəmizlə bağlı yanlış informasiyaların yayılmasından təəssüfünü bildirib. O, Azərbaycanla bağlı yazılanların reallığı əks etdirmədiyini deyib.

Azərbaycanın tarixi haqqında məlumat verən diplomat onun Şərqlə Qərb arasında yerləşdiyini, Şərqdə ilk demokratik respublika olduğunu, qadınlara hələ 1919-cu ildə seçib-seçilmək hüququ verildiyini bildirib.

Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində müharibə ilə üzləşdiyini xatırladan L.Abdullayeva diqqətə çatdırıb ki, üzləşdiyi çətinliklərə baxmayaraq, ölkəmiz demokratiya yolunu seçib, bir çox regional və beynəlxalq təşkilatların üzvü olub. Qeyd olunub ki, Azərbaycanda çox sayda etnik qruplar yaşayır. Azərbaycan multikultural modeli bütün ölkələrə nümunədir.

Məlumat verilib ki, ölkəmizin ərazisinin 20 faizinin işğalı nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün düşüb. BMT Təhlükəsizlik Şurasının erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərini dərhal və qeyd-şərtsiz tərk etməsinə dair 4 qətnaməsinə və ölkəmizin münaqişəni sülh yolu ilə həll etmək istəməsinə baxmayaraq, Bakı sonda torpaqlarını hərbi yolla azad etməyə məcbur olub. Bu gün Azərbaycanın irəli sürdüyü sülh müqaviləsinin imzalanması üçün iki ölkə danışıqları davam etdirir.

Verilişdə Azərbaycanı 33 ildir blokadada qalan Naxçıvan Muxtar Respublikası ilə birləşməli olan Zəngəzur dəhlizindən söz açılıb. Bu layihənin bütün regionun, o cümlədən, Ermənistanın inkişafına xidmət edəcəyi vurğulanıb. Eyni zamanda, bu gün Fransa mediasında bu dəhlizlə bağlı yanlış məlumatların yayımlandığı qeyd edilib.

L.Abdullayeva bildirib ki, regionda davamlı sülhün bərqərar olması məqsədilə Azərbaycanın irəli sürdüyü sülh müqaviləsi beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğundur, iki ölkənin ərazi bütövlüyü və suverenliyinə riayət olunmasını əks etdirir. Hazırda iki ölkə arasında delimitasiya və demarkasiya prosesinə hazırlıq işləri aparılır.

Ölkəmizin Ukrayna ilə bağlı mövqeyinə dair sualı cavablandıran səfir deyib ki, Azərbaycan Ukraynaya humanitar yardım göndərən ilk ölkələrdən biridir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır.

Verilişdə Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olduğu xatırladılıb, Avropanın enerji təhlükəsizliyini təmin edilməsində böyük rol oynadığı vurğulanıb. Həmçinin ölkəmizin həyata keçirdiyi nəhəng regional layihələrdən söz açılıb.

Diqqətə çatdırılıb ki, enerji resursları ilə zəngin olmasına və dünyada bu resursların ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycan yaşıl keçidə, bərpaolunan enerjiyə üstünlük verir. Azərbaycan enerji sahəsində Avropa İttifaqının strateji tərəfdaşıdır və qitənin artıq iki ölkəsinə - Macarıstan və Rumıniyaya yaşıl enerji ixrac etməklə bağlı müqavilə imzalanıb.

Qeyd edilib ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a gələn qonaqlar qədim Bakının ən gözəl şəhərlərdən biri olmasına şahidlik edəcəklər.

Diplomat Fransanın Ermənistanı silahlandırmaq, Almaniyanın isə danışıqlar prosesində vasitəçi olmaq mövqeyi tutduğunu bildirərək, Prezident E. Makronun İrəvanla bağlı mövqeyinə görə iki ölkə arasında vəziyyətin hazırkı səviyyəyə çatdığını qeyd edib.

Xəbər lenti

Çox oxunanlar