Xəzər Xəbər

“Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən düşünülməsi”

Gündəm | 17:34 • 8 Mart 2024
“Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən düşünülməsi”

Martın 8-də Bakıda işə başlayan “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans çərçivəsində aralıq sessiyalar təşkil edilib.

ABŞ Daxili Təhlükəsizlik Departamentinin keçmiş direktor müavini, İnanc Əsaslı və Qonşuluq Tərəfdaşlıqları Mərkəzi, Dini Etiqad Azadlığı üzrə Amerika Mərkəzinin direktoru Janna Skotun moderatorluğu ilə keçirilən “Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən düşünülməsi” mövzusunda aralıq sessiyada çıxış edən İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Mahmut Erol Kılıç islamofobiyanın kifayət qədər sürətlə artan xroniki xəstəlik olduğunu deyib. Bildirib ki, bu problem cəmiyyətdə müxtəlif səviyyələrdə təzahür edir. İslamofobiyanı epidemiya kimi təsvir etmək daha doğru olar.

İslamofobiyanın şəxsi zəmində yaranan qərəz olduğuna diqqət çəkən baş direktor qeyd edib: “Bəzi ölkələr islamofobiyanı öz siyasətlərinin bir parçasına çevirib. Bu isə dünyanı sülhdən uzaqlaşdırır. Əgər özümüzdən sonra gələn nəsillərə sülh dolu dünya ötürmək istəyiriksə, islamofobiyaya qarşı birgə mübarizə aparmalıyıq. Yanlış məlumatlar cəmiyyətdə islamofob fikirləri formalaşdıra bilər. İslamofobiyanın real təsirləri isə gələcək nəsillər üçün daha faciəvi olacaq”.

Böyük Britaniyanın Srebrenitsanı xatırlama təşkilatının sədri və “Badger” Sağlamlıq Qrupunun baş icraçı direktoru Vəqaruzzaman Əzmi diqqətə çatdırıb ki, islamofobiya müsəlmanlara qarşı yalnız pis rəftarla məhdudlaşmır, onun kökündə daha mənfi məqamlar var. Çox şadam ki, Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir, belə tədbirlər keçirir, bu məsələləri müzakirəyə çıxarır. İslamofobiyaya qarşı qlobal strategiya ilə mübarizə apardığı üçün Azərbaycan Prezidentini, Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Çünki islamofobiyaya qarşı mübarizə qlobal perspektivdə ən fundamental məsələlərdən biridir, onun qlobal strategiyaya ehtiyacı var.

“İslamofobiya soyqırımıdır, etnik təmizləmədir, müsəlman əhalinin əmlakının dağıdılması, saxtalaşdırılmasıdır. Müsəlmanları qeyri-insanlar kimi qələmə verilməyə çalışırlar. İnsanları alçaltma ideologiyası kifayət qədər genişlənib”, - deyə o qeyd edib.

ABŞ Müsəlman Təşkilatları Şurasının Baş katibi Oussama Ali Cammal vurğulayıb ki, müsəlman amerikalılara qarşı ayrı-seçkiliyin hələ də davam etməsi təəssüf doğurur. 2001-ci il sentyabrın 11-də ABŞ-da qüllələrin partladılması müsəlman amerikalılara yanaşma tərzini dəyişdi, milyonlarla günahsız müsəlman kütləvi hücumlara məruz qaldı.

Müsəlmanlara qarşı ayrı-seçkiliyin geniş vüsət aldığını qeyd edən Oussama Ali Cammal bildirib ki, onlar hava limanlarında ən azı beş dəfə yoxlanılır. Beynəlxalq ictimaiyyətdə onları terrorçu kimi qələmə verirlər. Bəzi ölkələrin rəhbərlərinin islamofob olmaları isə daha ciddi problemlər yaradır. İslam bərabərlik, hörmət, sevgi dinidir. Bizim dinimizdə heç bir ayrı-seçkiliyə yer yoxdur.

İslamofobiyaya qarşı mübarizədə təhsilin və maarifləndirmənin çox önəmli olduğunu vurğulayan Baş katib Prezident İlham Əliyevə təşəkkür edərək deyib: “Belə forumların keçirilməsinə dəstək göstərmək böyük işdir. İnanıram ki, Azərbaycan və ABŞ müsəlmanları arasında dostluq münasibətləri daha da inkişaf edəcək”.

Sessiyada çıxış edən Türkiyə Dəyanət Vəqfi İslam Araşdırmaları Mərkəzinin vitse-prezidenti Yaşar Çolak qeyd edib ki, islamofobiya günümüzdə sürətlə yayılır. Bunun cəmiyyətdə mənfi nəticələri danılmazdır. İslamofobiya sistemli şəkildə genişlənərək gündəlik həyatımızın ayrılmaz bir parçasına çevrilir.

“Cəmiyyətdə və mediada yayılan, qərəzli, saxtalaşdırılmış tarixi məlumatlar islamofobiyaya “töhfə” verir. Vəhdət şəklinə aparılmayan əməkdaşlıqlar, təhlillər bizi asanlıqla sosial tələlərə düşürə bilər. Bu işdə psixologiya, mentalitet amilləri xüsusilə nəzərə alınmalıdır. Mürəkkəb məsələlərin həllində çoxtərəfli yanaşmanı tətbiq etməliyik, idraksal analizlər aparılmalıdır”, - deyə Yaşar Çolak əlavə edib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov bildirib ki, bu yaxınlarda Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandalizm islamofobiyanın ən bariz nümunəsidir.

Xurşidbanu Natəvanın heykəlinin Azərbaycan tərəfindən xilas edildiyini bildirən Elşad İskəndərov deyib ki, bu fakt islamofobiyanın günümüzün reallığı olduğunu daha açıq şəkildə göstərir. “Dünya sürətlə dəyişir və islamofobiya çoxqütblü dünyanın “məhsulu”dur. Son 50 ildə Qərb ölkələri islamofobiya fenomenini daha da inkişaf etdirir. Onlar müsəlmanları ictimaiyyətdə terrorçu kimi qələmə verir, sanki terror aktlarının, sadəcə, müsəlmanlar tərəfindən törədildiyini bildirirlər”, - deyə Elşad İskəndərov söyləyib.

Aix-Marsel Universitetində İslamşünaslıq üzrə müəllim Batist Brodard isə İslamın heç də sağ və sol qanad, Qərb ideologiyası ilə uzlaşmağa ehtiyacının olmadığını deyib. Bildirib ki, İslamın öz tarixi, baxışı, ideologiyası, dəyərləri var. İslam bəşəri din kimi qəbul edilməlidir. İslam din olaraq heç bir xalqa, tayfaya aid deyil.

Qətər Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzinin tədqiqat direktoru, beynəlxalq əlaqələr üzrə professor Bülent Aras isə diqqətə çatdırıb ki, İslamı terrorçu din kimi təqdim edənlər dövlətlərarası münaqişələrin dinlərlə bağlı olmadığına nəzər salmalıdırlar.

Multikulturalizmin sülh və əmin-amanlıq şəraitində yaşamağın yeganə yolu olduğuna diqqət çəkən professor qeyd edib ki, heç bir millət digərindən üstün deyil. “İslamofobiyanın heç bir real səbəbi yoxdur. Bu, sadəcə, bölücü siyasətin tərkib hissəsidir. Yeganə həll yolu dövlətlərin öz siyasətini dəyişdirmələridir. İslamofobiyanı tətbiq edən ölkələr bu səbəbdən gələcəkdə ciddi problemlər yaşaya bilər”, - deyə o vurğulayıb.

Sessiya müzakirələrlə davam edib. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar