Martın 5-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının Baş direktoru general-leytenant Ahsan Gulrezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, əvvəlcə Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
General-polkovnik K.Vəliyev qonaqları Azərbaycanda görməkdən məmnunluğunu bildirərək ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin və strateji tərəfdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
Baş Qərargah rəisi Azərbaycan, Pakistan və Türkiyənin iştirakı ilə keçirilən üçtərəfli birgə hərbi təlimlərin əhəmiyyətini diqqətə çatdıraraq belə təlimlərin ordularımız arasında təcrübə mübadiləsi, hərbi qulluqçuların peşəkarlığının daha da artırılması baxımından vacibliyini xüsusi qeyd edib.
General-leytenant A.Gulrez səmimi görüşə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsində belə görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirib.
Sonda Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.