Xəzər Xəbər

Almaniya və Azərbaycan XİN rəhbərləri Berlində görüşüb YENİLƏNİB

Gündəm | 18:57 • 28 Fevral 2024
Almaniya və Azərbaycan XİN rəhbərləri Berlində görüşüb

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşüb.

Xezerxeber.az XİN-ə istinadən bildirir ki, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırki vəziyyəti və perspektivləri müzakirə olunub.

Almaniyanın xarici işlər naziri Annalena Berbok iki ölkə arasında münasibətlərin əhəmiyyətini qeyd edib. Ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb.

Nazir Ceyhun Bayramov Azərbaycan və Almaniya arasında son dövrlərdə dinamik xarakter daşıması ilə seçilən təmasların məmnunluq doğurduğunu, xüsusilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ali səviyyədə aparılan müzakirələrin əhəmiyyətini vurğulayıb.

Almaniyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışıqların təşkilində göstərdiyi dəstəyə və təşəbbüsə görə təşəkkür bildirilib.

Nazir Ceyhun Bayramov ölkəmizin normallaşma və sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğu bildirilib. Buna baxmayaraq, 5 aya yaxın sürən sabitliyin Ermənistan tərəfindən pozulmasının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb.

Bununla yanaşı, Ermənistanın Konstitusiyasında və qanunvericiliyində, siyasi və hüquqi proseslərdə ölkəmizə qarşı irəli sürülən ərazi iddialarını, qeyri-konstruktiv mövqe və ritorikasını davam etdirməsinin qəbuledilməz olduğu vurğulanıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

17:54

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlindəki görüşü üçtərəfli formatda davam edir.

Xezerxeber.az xəbər verir ki, bu gün Berlində danışıqlardan sonra Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan və Almaniya XİN rəhbəri Annalena Berbok arasında üçtərəfli formatda davam edir.

17:12

Almaniyaya işgüzar səfər çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Almaniya xarici işlər naziri Annalena Berbokla görüşüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə nazirliyin sosial media hesabında qeyd edilib.

Bildirilib ki, nazirlər ölkələr arasında bir sıra sahələrdə əlaqələrin inkişaf perspektivləri, o cümlədən, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti