Xocalı Soyqırımı Memorialı Heydər Əliyev Fondu tərəfindən Xocalı-Əsgəran avtomobil yolunun üzərində yaradılacaq.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Аnar Ələkbərov dövlət başçısı İlham Əliyevə Xocalı Soyqırımı Memorialı barədə məlumat verərkən deyib.
Qeyd olunub ki, bu memorialın yaradılması bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.
Memorial müxtəlif bölmələrdən ibarət olacaq. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciə, həmçinin Xocalının tarixi, coğrafi əhəmiyyəti, dinc əhaliyə qarşı törədilmiş faciədən əvvəl Xocalıdakı həyat barədə faktlar yer alacaq. Memorialda Xocalının coğrafi mövqeyini təsvir etmək məqsədilə rayonun maketi də yer alacaq.