7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə əlaqədar Tbilisidə Vaxtanq Qorqasali 4 ünvanında yerləşən Azərbaycanın Gürcüstandakı səfirliyində məntəqə seçki komissiyası yaradılıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə səfirliyin bu ölkədəki yaşı 18-dən çox olan Azərbaycan vətəndaşlarına müraciətdə bildirilib.
Qeyd olunub ki, növbədənkənar prezidenti seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı Məntəqə Seçki Komissiyası yaradılıb.
Əlavə olunub ki, 18 yaşı tamam olmuş və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları səsvermə zamanı aşağıdakı etibarlı sənədlərdən birini MnSK-ya təqdim etməlidirlər: Ümumvətəndaş pasportu, diplomatik pasport, xidməti pasport.
Vurğulanıb ki, yuxarıda qeyd olunan Azərbaycan Respublikasının müvafiq etibarlı pasportuna sahib olmayan 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları etibarlı şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edə bilərlər.
“7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri Tbilisi vaxtı ilə saat 08:00-dan 19:00-dək davam edəcəkdir”, - məlumatda qeyd edilib.