Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif etməsinə münasibət bildirib.
Zaxarova bu gün keçirdiyi həftəlik brifinqdə bildirib ki, Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasının ən yaxşı təminatı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə imzalanmış üçtərəfli bəyanatların icra olunmasıdır:
“Biz əminik ki, Cənubi Qafqazda sabitliyin, dayanıqlı və uzunmüddətli sülhün bərqərar olmasının ən yaxşı təminatı üçtərəfli razılaşmaların tez bir zamanda ən yüksək səviyyədə həyata keçirilməsidir”.
O qeyd edib ki, bu, Bakı ilə İrəvanın barışmasının alternativsiz yol xəritəsidir. Buraya sülh müqaviləsinin hazırlanması da daxildir.
Xatırladaq ki, 28 yanvar tarixində Ermənistanın Baş naziri Nikol Paşinyan ordu günü ilə əlaqədar çıxışı zamanı, Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif etdiklərini bildirib. (APA)