7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkilərinə hazırlıq prosesi Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi, İstanbul və Qars şəhərlərindəki Baş konsulluqları tərəfindən fəal şəkildə davam etdirilir.
Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Türkiyədəki Səfirliyindən bildirilib.
Qeyd olunub ki, bu məqsədlə Ankara şəhərində yerləşən Səfirlikdə 46 və 47, İstanbuldakı Baş konsulluqda 53 və 54, Qarsdakı Baş konsulluqda 55 saylı seçki məntəqələri yaradılıb.
Türkiyə Respublikasında daimi və ya müvəqqəti yaşayan, uzunmüddətli ezamiyyətdə, seçki günü Türkiyə Respublikasında olacaq olan 18 yaşı tamam olmuş, aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları Türkiyə vaxtı ilə saat 8:00- 19:00 aralığında Azərbaycan Respublikasının ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə yuxarıda qeyd edilən seçki məntəqələrinə gələrək səsvermə hüququnu həyata keçirə bilər.
Seçki məntəqələrinin ünvanları:
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi: Diplomatik site, Bakü sokak No:1, Oran/Ankara;
İstanbul şəhərindəki Baş konsulluğu: Zeytinoğlu Caddesi No 65, Akatlar, Beşiktaş / İstanbul;
Qars şəhərindəki Baş konsulluğu: Yusif Paşa məhəlləsi Heydər Əliyev prospekti N: 9, Kars / Mərkəz;
Seçkidə iştirakla bağlı suallar üçün Türkiyədəki vətəndaşlarımız +90 535 577 61 68 nömrəli qaynar xətt vasitəsilə Səfirliyimizlə əlaqə saxlaya bilərlər.