Xexerxeber.az xəbər verir ki, Rusiyanın ayrı-ayrı bölgələrində yaşayan həmvətənlərimiz Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləmək barədə qərarlarını açıqlayıblar.
“Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” Moskva Regional İctimai Təşkilatının sədri Bəxtiyar Həsənov Prezident İlham Əliyevə ünvanladığı məktubunda bildirib ki, Ali Baş Komandanın və Azərbaycanın rəşadətli Ordusunun uğurları sayəsində biz azərbaycanlılar indi qürurla, başımızı dik tutub yaşayırıq: “Biz Rusiya azərbaycanlıları fəxr edirik ki, xalqımızın dünya ölkələrinin nüfuzlu liderlərindən biri sayılan Prezidenti var. Bu seçkilər həm də Azərbaycanın bütün bölgələrində keçiriləcəyinə görə mühüm hadisə kimi tarixə düşəcək. Biz inanırıq ki, Siz bütün Azərbaycan üzrə seçilmiş ilk Prezident olacaqsınız!”
Texnika elmləri doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi, Rusiya Memarlıq və İnşaat Elmləri Akademiyasının əcnəbi üzvü, Azərbaycan Respublikası və Rusiya Federasiyası Jurnalistlər İttifaqlarının üzvü Kamran Rüstəmovun məktubunda vurğulanıb ki, SSRİ-nin süqutundan sonra Azərbaycanda ilk dəfə ölkənin beynəlxalq səviyyədə tanınmış, tam bərpa edilmiş ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycan Respublikası Prezidentinin seçkiləri keçiriləcək: “Bu, ölkənin son 20 ildə düşünülmüş siyasətlə idarə edilməsinin sayəsində mümkün oldu. Bütün bunlar Sizin ölkə Prezidenti kimi yorulmaz, düşünülmüş fəaliyyətinizin nəticəsidir. Ona görə də İlham Əliyev yeni, azad, suveren Azərbaycanın birinci Prezidenti seçilməlidir! Mən bütün Azərbaycan xalqını fevralın 7-də seçkiyə getməyə və İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıram!”
Rusiya Yazıçılar İttifaqının üzvü, “F.M.Dostoyevski” və “Sergey Yesenin” medallarına layiq görülmüş yazıçı, həkim-stomatoloq Sabit Əliyev də bu il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edib: “Cənab Ali Baş Komandan, qalib dövləti və qalib xalqı xaricdə təmsil etmək olduqca qürurvericidir. Bir yazıçı olaraq əsərlərimlə xaricdə Azərbaycanı təbliğ etməkdən və ümumiyyətlə, azərbaycanlı olmağımdan qürur duyuram. Azərbaycan xalqı Sizə inanır, güvənir. Biz Sizi hər zaman Azərbaycanın alternativsiz Lideri olaraq görürük. İnanıram ki, fevralın 7-də keçiriləcək seçkilərdə Siz yenidən böyük səs çoxluğu ilə qalib gələcəksiniz”.
Moskva şəhərinin qərb inzibati dairəsində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Əli Kazımov qeyd edib ki, iki ölkə arasında iqtisadi, mədəni və humanitar əlaqələrin genişlənməsinə töhfə verən Moskva şəhərinin Qərb inzibati dairəsində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin üzvləri keçiriləcək növbədənkənar Prezident seçkilərində İlham Əliyevin namizədliyini böyük fəxr hiss ilə dəstəkləyirlər: “Sizə qarşıdan gələn Prezident seçkilərində uğurlar arzu edir, möhkəm cansağlığı, uzun ömür və çoxşaxəli fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirik”.
Krasnoyarsk diyarı “Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının sədri Taleh Mahmudov yazıb ki, Azərbaycanın etibarlı tərəfdaş dövlət olmasını dünya liderlərinin dilindən eşitmək hər birimizi qürurlandırır: “Cənab Ali Baş Komandan, Azərbaycanın suverenliyini bərpa etməklə ölkəmizin tarixində şanlı bir səhifə açmısınız. Bu qüruru bizə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Əminik ki, 7 fevral prezident seçkilərində xalqımız Sizə səs verəcək”.
Xabarovsk Regional İctimai Birliyinin “Azərbaycanlılar Birliyi” ictimai təşkilatının sədri Məmməd İsgəndərov bildirib ki, İlham Əliyevin qətiyyəti, cəsarəti, əzmkarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edilib: “Bu il fevralın 7-də keçiriləcək prezident seçkilərində böyük qürur hissi ilə Sizin namizədliyinizi dəstəkləyirik. İnanırıq ki, qarşıdan gələn prezident seçkilərində Siz yenidən böyük səs çoxluğu ilə qələbə qazanacaqsınız”.
Rusiya Federasiyasının Kirov vilayətində fəaliyyət göstərən “Birlik” Azərbaycan Mədəniyyət Mərkəzi”nin sədri Osman Alıyev deyib ki, günü-gündən çiçəklənən dövlətimizin dünyada nüfuzunun artmasının şahidi olmaq bizə qürur hissi verir: “Hörmətli cənab Prezident, Siz Azərbaycanın müstəqilliyini və bütövlüyünü bərpa etməklə, Qafqaz və dünya siyasətinə yeni bir tarixi səhifə açdığınız müstəsna fəaliyyətizlə Azərbaycan tarixində də yeni bir başlığa imza atdınız. Böyük əminliklə bildiririk ki, Azərbaycan xalqı güclü idarəetmə qabiliyyətinizə, dövlətin və xalqın gələcəyini müəyyən etməyə yönələn açıq fikirlərinizə görə qarşıdan gələn Prezident seçkilərində Sizə səs verəcək. Dövlətimizin inkişafı, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşaması üçün əzmkar fəaliyyətinizdə Sizə uğurlar diləyirik”.
Rusiyanın Şimali Osetiya-Alaniya Respublikasında Azərbaycanlılar Konqresinin fəxri prezidenti Şahin Məmmədov və Konqresin sədri Murtuz Gülməmmədovun müraciətində bildirilib ki, Şimali Osetiya-Alaniya Respublikasında yaşayan minlərlə azərbaycanlını doğma Azərbaycana olan sevgi birləşdirir: “Şimali Osetiya-Alaniya Respublikasında Azərbaycanlılar Konqresinin üzvləri 2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində Sizin namizədliyinizi birmənalı olaraq dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti olaraq Sizinlə hər zaman fəxr edirik. Müstəqil və güclü olan bu ölkənin vətəndaşları olduğumuz üçün qürur duyuruq. Bütün dünya azərbaycanlılarını 2024-cü ilin fevralın 7-də keçiriləcək seçkilərdə səsvermədə arzularımızı gerçəyə çevirmiş Liderə dəstək olmağa çağırırıq”.