Ermənistan Azərbaycan və Türkiyə ilə sərhəddə 7 nəzarət-buraxılış məntəqəsi yaratmağa hazırdır.
Xezerxeber.az xəbər verir ki, bunu Ermənistanın ərazi və infrastruktur naziri Qnel Sanosyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin İrəvanda keçirilən toplantısında deyib.
Nazirin sözlərinə əsasən, ölkəsi Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə sərhədlərində yeddi nəzarət-buraxılış məntəqəsi yerləşdirməyə, dörd dəmir yolu hissəsini bərpa etməklə Ermənistan, Azərbaycan və Türkiyə arasında əlaqəni təmin etməyə, o cümlədən Ermənistan-Türkiyə sərhədində 2, Ermənistan-Azərbaycan sərhədində də 5 keçid məntəqəsi quraşdırmağa hazırdır.
“Ermənistan “Sülh kəsişməsi” proqramı vasitəsilə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi və Şərq-Qərb Nəqliyyat Dəhlizi layihələri çərçivəsində region ölkələri ilə nəqliyyat əlaqələrini təmin edəcək bütün infrastrukturları tikməyə və bərpa etməyə hazır olduğunu bəyan edir”, - nazir əlavə edib.