Biz Azərbaycanla Ermənistan arasında normallaşma yönündə müzakirələri dəstəkləyirik və bu sahədə üzərimizə düşən hansı vəzifələr varsa, yerinə yetirməyə hazırıq. Bəzi ölkələrin yanlış yanaşmalarına qarşı da mövqeyimizi ortaya qoyuruq.
Xezerxeber.az-ın xəbərinə görə, bunu bu gün Türkiyə xarici işlər naziri Hakan Fidan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında bildirib.
Hakan Fidan deyib ki, bu gün Azərbaycan Prezidenti ilə Ermənistanla normallaşmanı müzakirə edib.
“İndi bir sülh sazişi ilə bölgədə rifah və inkişaf başlamalıdır. Biz artıq bölgədə savaşa, qarşıdurmaya yer olmadığını düşünürük. Türkiyə iki ölkə arasında barış danışıqlarını hər haman dəstəkləyir. Azərbaycanla Ermənistanın münasibətləri normallaşarsa, Türkiyənin də Ermənistanla münasibətləri dərhal normallaşacaq. Türkiyə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını hər zaman dəstəkləyir”, - Türkiyə XİN başçısı qeyd edib.
Hakan Fidan əlavə edib ki, sülhün olduğu Cənubi Qafqaz hər kəs üçün vacibdir: “Buna görə də bütün tərəflər buna səy göstərməlidir. Təəssüf ki, Qərbdəki erməni lobbisi bəzi şəbəkələri Azərbaycanın üzərinə qaldırmağa çalışır. Bu ölkələrin Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmaq istiqamətində çalışsa, daha yaxşı olar.
Azərbaycan-Ermənistan arasındakı son razılaşmanı da yüksək qiymətləndiririk. Biz bölgədə sülh və sabitliyə çox yaxınıq. Bu istiqamətdə Azərbaycanla əlaqələrimizi yaxından davam etdirəcəyik”.