Ermənistan tərəfinin açıqlaması silahlı qüvvələrində baş verən özbaşınalığı və hərc-mərcliyi ört-basdır etmək niyyəti daşıyır.
Xezerxeber.az xəbər verir ki, bu sözlər Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycan tərəfinin açdığı atəş nəticəsində erməni hərbçisinin həlak olması ilə bağlı iddianın əks olunduğu 2023-cü il 4 dekabr tarixli açıqlamasına dair Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) şərhində yer alıb.
Şərhdə qeyd olunub ki, sülh sazişi üzrə təklifləri 70 gündən artıq müddətdə yubadan Ermənistan tərəfi indi də bu cür pozucu açıqlamaları ilə normallaşma prosesinin perspektivlərinə xələl gətirir. Ermənistan tərəfi bu kimi açıqlamalarla, həmçinin sərhəd bölgələrində süni gərginlik yaratmaq və üçüncü dövlətlərin diqqətini cəlb etmək məqsədi güdür.