Xezerxeber.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Skopyedə keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında çıxışında bildirib.
XİN başçısı qeyd edib ki, digər aktorların başlatdığı geosiyasi intriqaların davam etdirilməsi qeyri-məhsuldardır və bu, yalnız sülhün ləngiməsinə xidmət edir.
“Dağıntılara və sağalmamış yaralara rəğmən, bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı tanıma və hörmət əsasında Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin təşəbbüskarı məhz Azərbaycan oldu. Təəssüf ki, Azərbaycanın sülhə birmənalı sadiqliyinə baxmayaraq, proses yeni ləngimələrə məruz qalır. Ermənistanın sülh sazişi layihəsinə öz düzəlişlərini edərək təqdim etməsi iki aydan çox çəkdi. Eyni zamanda, müəyyən üçüncü tərəflərin qərəzli və birtərəfli fəaliyyətləri də prosesə ciddi təsir etdi. Bütün bu problemlərə baxmayaraq, Azərbaycan sülh sazişinin yekunlaşdırılması üçün birbaşa danışıqların ən qısa zamanda davam etdirilməsinə sadiq qalır. Biz Ermənistana açıq şəkildə ortaq dövlət sərhədində və ya qərəzsiz, neytral üçüncü ölkədə görüşməyi təklif etdik. Biz Azərbaycan və Ermənistanın yaxşı qonşuluq münasibətlərinin əsasını qoyması və iki suveren ölkə kimi sülh şəraitində yanaşı yaşaması üçün tarixi imkan olduğuna qəti şəkildə inanmağa davam edirik. Bunun üçün Ermənistan başa düşməlidir ki, sülhə gedən yol qonşuları ilə ikitərəfli dialoq və normal münasibətlərdən keçir. Digər aktorların başlatdığı geosiyasi intriqaların davam etdirilməsi qeyri-məhsuldardır, çünki bu, yalnız qarşıdurmanın davam etdirilməsinə və sülhün ləngiməsinə xidmət edir”, - Ceyhun Bayramov bildirib.