Azərbaycan ikili standartlardan və ayrı-seçkilikdən ən çox əziyyət çəkən ölkələrdən biridir. Ermənistan uzun illər boyu azərbaycanlılara qarşı kəskin nifrət zəminində etnik təmizləmə, deportasiya və soyqırımı siyasəti həyata keçirib. Bu gün dünya ictimaiyyəti Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq sənədlərdə təsbit olunmuş insan hüquqlarının kütləvi pozulması hallarına biganə qalır.
Xezerxeber.az xəbər verir ki, bu sözləri “Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva söyləyib.
Müvəkkil otuz ilə yaxın müddətdə işğal altında saxlanılmış və İkinci Qarabağ müharibəsi nəticəsində azad edilmiş ərazilərimizdə aşkar olunan kütləvi məzarlıqların, əksər şəhər və kəndlərin, tarixi, mədəni, dini abidələrin dağıdılmasının, ərazilərimizin minalarla çirkləndirilməsinin ölkəmizə qarşı həyata keçirilmiş bu siyasəti bir daha sübut etdiyini diqqətə çatdırıb. S.Əliyeva, həmçinin Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyinə hələ də aydınlıq gətirilməməsinin narahatlıq hissi yaratdığını bildirib.
Səbinə Əliyevanın sözlərinə görə, Azərbaycanda insan hüquq və azadlıqlarının təmini və təşviq edilməsi daim diqqət mərkəzində saxlanılır, qanunvericilik bazası beynəlxalq hüququn normalarına müvafiq mütəmadi olaraq təkmilləşdirilir. Ölkədə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi prosesinin sürətləndirilməsi üçün geniş imkanlar yaradılıb.