Azərbaycanın 2010-2021-ci illərdə Macarıstan Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışmış Vilayət Quliyev Ramil Səfərovun 31 avqust 2012-ci ildə Bakıya ekstradisiyası ilə bağlı bəzi detalları açıqlayıb.
Hazırda Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfir olan Vilayət Quliyevin "Apa"-ya müsahibəsində
"Sizin Ramil Səfərovun ekstradisiyası ilə bağlı silsilə məqalələriniz mətbuatda çap olundu. Ardından isə kitab şəklində nəşr edildi. Sualım budur ki, sırf bu mövzuda açıqlamadığınız hansısa detal varmı? Ola bilərmi ki, heç olmasa, bu müsahibə xətrinə gizli saxladığınız və kitaba salmadığınız həmin detallara toxunasınız",- sualına cavabda bunları deyib:
– Məxfilik şəraitində həyata keçirilən ekstradisiyada dövlət sirri təşkil edən heç nə yox idi. Sadəcə iki dost ölkənin rəhbərləri – Prezident İlham Əliyevlə Macarıstan Baş naziri Viktor Orban Avropa Şurasının qəbul etdiyi beynəlxalq konvensiyaya əsaslanaraq Budapeştdə məhkumluq həyatı yaşayan azərbaycanlı zabiti Vətənə qaytardılar. Burada isə cəzasının bir hissəsini çəkdiyinə görə, dövlət başçısının sərəncamı ilə əfv edildi. Bu, hər iki tərəfdən böyük insanlıq və nəciblik aktı idi. Bizim müxalif mətbuatın hadisələrin isti izi ilə yazdığı kimi, hər hansı gizli sövdələşmə olmamışdı, ola bilməzdi. Əvvəldən axıra qədər proseslərdə yaxından iştirak etdiyimdən bunu tam əminliklə deyə bilərəm. Deyəsən, kitabda yazmamışam. Ekstradisiya başa çatandan bir müddət sonra Heydər Əliyev Fondu xalqımızın dost macar xalqına minnətdarlıq hisslərinin ifadəsi olaraq Budapeştin XII rayonunda gözdən əlil uşaqlar üçün məktəb-yataqxana binası tikdi. Səfirliyimiz isə məktəb-yataqxanaya hamiliyi öz üzərimizə götürdü. Həmin ənənə bu gün də davam etməkdədir.