Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Nəqliyyatı Əlaqələndirmə Şurası haqqında ƏSASNAMƏyə əsasən, qurumun 10 hüququ olacaq.
Xezerxeber.az xəbər verir ki, bunlar aşağıdakılardır:
- bu Əsasnamə ilə həvalə edilmiş vəzifələrin icrası ilə əlaqədar işçi qruplar və komissiyalar yaratmaq, onların işinə aidiyyəti dövlət orqanlarını (qurumlarını), müstəqil ekspertləri və mütəxəssisləri, habelə elm və təhsil müəssisələrini və qeyri-hökumət təşkilatlarını cəlb etmək;
- dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi şəxslərə zəruri sənədlər və məlumatlar barədə sorğular vermək, onlardan belə sənədləri (məlumatları) almaq;
- bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı aidiyyəti üzrə təkliflər vermək;
- Şuranın qərarlarının yerinə yetirilməsinin monitorinqinin aparılmasını təmin etmək;
- Şura üzvü olan dövlət orqanları (qurumları) tərəfindən həyata keçirilmiş tədbirlər barədə, eləcə də yol-nəqliyyat hadisələrinin monitorinqinin nəticələrinə dair məlumatlar almaq;
- fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı müzakirəyə təqdim olunan hüquqi aktların layihələrinə rəy bildirmək;
- müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və ölkədə tətbiqi istiqamətində zəruri tədbirlər görülməsini təmin etmək və görüləcək işləri əlaqələndirmək;
- beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;
- Şuranın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Prezidentin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.