Müharibə iştirakçıları, qazilər, şəhid ailələri ilə bağlı bütün məsələlər qanun çərçivəsində həll olunur.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.
Deputat Vahid Əhmədov isə ilbəil Dövlət Sosial Müdafiə Fondunun büdcəsində debitor borcların artmasına diqqət çəkib və bunun səbəbi ilə maraqlanıb. Deputat 2 ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı 48 şikayət məktubu aldığını da söyləyib: “Pensiya, ünvanlı dövlət sosial yardım, şəhid ailələri, qazilərlə bağlı problemlər var. Bu problemləri həll etməliyik. Biz 80 manat veteran pulunun artırılmasını qaldırmışdıq, Himalay Məmişov dedi ki, buna baxılır. Necə baxılır, harada baxılır? Necə həll olacaq? Digər tərəfdən, bölgələrdə vakant iş yerləri hərraca çıxarılır. Amma bu vakant yerlərdə maksimum maaş 300 manatdır. Bizdə məlumat var ki, nazirliklərin qurumlarında yüksək maaşlı vakant yerlər var, amma hərraca çıxarılmır”.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Vahid Əhmədova cavab verib: “Vahid müəllim, sizin qaldırdığınız məsələlər həm komitələrdə, həm də qanun layihəsinin birinci oxunuşu zamanı müzakirə olunub. Nazir Sahil Babayev də bir saata yaxın danışıb. Düzü bilmirəm, siz buradan hansı media orqanının diqqətini çəkmək üçün bu cür danışdınız. Ümumiyyətlə, düşünmürəm sizin belə probleminiz olsun, ölkədə kifayət qədər tanınmış adamsınız. Hesab edirəm ki, diqqət çəkmək üçün bu cür şərhlərə ehtiyac yoxdur”.
Sədr Sahibə Qafarova bildirib ki, dinləmələr keçirilib, nazirlər də həmişə orada çıxış edib: “Ehtiyac varsa, yeni belə dinləmə keçirək”. (APA)