Xəzər Xəbər

Məhkəmə Azərbaycan səfirliyində terror törədən şəxs barəsində YEKUN QƏRAR VERMƏYİB

Gündəm | 16:25 • 3 Oktyabr 2023
Məhkəmə Azərbaycan səfirliyində terror törədən şəxs barəsində

Azərbaycan Respublikasının Baş Prokurorluğu Tehrandakı səfirliyimizə qarşı terror aktı törətmiş şəxsin ölüm cəzasına məhkum edilməsi barədə xəbərlərə münasibət bildirib.

Xezerxeber.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən məlumat verir ki, bəzi media və sosial şəbəkə səhifələrində Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törətmiş şəxsin ölüm cəzasına məhkum edilməsinə dair məlumatlar yayılıb:

"Bildiririk ki, baş vermiş cinayət hadisəsi üzrə İran İslam Respublikasında istintaq edilən cinayət işinin gedişatı tərəfimizdən diqqətlə izlənilir və qarşı tərəflə mütəmadi əlaqə saxlanılır.

Belə ki, İran İslam Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib və prokuror tərəfindən təqsirləndirilən şəxsin ən ağır cəzaya məhkum edilməsi tələb olunub, lakin hazırda məhkəmə tərəfindən yekun qərar qəbul edilməyib. Ümidvarıq ki, iş üzrə yaxın vaxtlarda məhkəmə ədalətli hökmü çıxarılaraq layiqli cəzanın verilməsi təmin ediləcək".

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov”la silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb. Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirib. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib.

Xəbər lenti

Çox oxunanlar