Xəzər Xəbər

Ceyhun Bayramov Latviyanın yeni səfirini qəbul edib FOTO

Gündəm | 19:00 • 2 Oktyabr 2023
Ceyhun Bayramov Latviyanın yeni səfirini qəbul edib

Oktyabrın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Latviya Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin edilmiş səfiri Edqars Skuyanı qəbul edib.

XİN-dən Xezerxeber.az-a verilən xəbərə görə, səfir Edqars Skuya ilk növbədə etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov səfir Edqars Skuyanı təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə, Azərbaycan və Latviya arasında əməkdaşlıq məsələləri, habelə cari regional vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov, Azərbaycan və Latviya arasında mövcud münasibətlərin 2017-ci ildə “Strateji Tərəfdaşlığın Yaradılması haqqında birgə Bəyannamə”nin imzalanması və icrası nəticəsində inkişafından məmnunluqla bəhs edərək, bu xüsusda, iki ölkə arasında siyasi dialoq, qarşılıqlı səfərlər və təmasların əlaqələrin daha da genişləndirilməsinə təkan verdiyini qeyd edib.

Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunacağı növbəti il ərzində də iki ölkə arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, ticarət, nəqliyyat, humanitar və s. sahələr üzrə əməkdaşlığın inkişafı üçün fəaliyyətin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov ərazilərimizin 30 ilə yaxın müddətdə işğalı, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, habelə ölkəmizin sülh və quruculuq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

30 illik işğal dövründən qalma qeyri-qanuni erməni silahlı qüvvələrinin Azərbaycan tərəfindən aparılan anti-terror tədbirləri nəticəsində bölgədən çıxarıldığı, hazırda isə onların tərksilah prosesinin yekunlaşdığı diqqətə çatdırılıb.

Qanunsuz erməni silahlı qüvvələrinin varlığına son qoyulmasının öz növbəsində həm Azərbaycan və Ermənistan arasında sülh prosesi, həm də Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə reinteqrasiya prosesinin irəlilədilməsi üçün imkanlar yaratdığı, bu xüsusda, Azərbaycanın hər iki istiqamət üzrə səyləri gücləndirməkdə qərarlı olduğu diqqətə çatdırılıb.

Səfir Edqars Skuya səmimi qəbula görə təşəkkür edib, fəaliyyəti müddətində Azərbaycan və Latviya arasında münasibətlərin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024

Çox oxunanlar