Qərbi Azərbaycandan deportasiya ilə əlaqədar cinayət işləri başlanıb.
Xezerxeber.az xəbər verir ki, bunu baş prokurorun müavini Elmar Camalov Milli Məclisdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər” mövzusunda ictimai dinləmə zamanı deyib.
“Qərbi Azərbaycana qayıdışla bağlı hüquqi aspektlərin arasında Ermənistan və onların havadarları tərəfindən Qərbi Azərbaycanda yaşamış soydaşlarımıza qarşı əsrlər boyu törədilən cinayətlərin müəyyən edilməsi, sübuta yetirilməsi, qanunvericilikdə nəzərdə tutulan qaydada və beynəlxalq standartlara uyğun rəsmiləşdirilməsi, mümkün təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi önəmli rol oynayır”, - baş prokurorun müavini qeyd edib.
E.Camalov bu istiqamətdə açılan cinayət işlərinə toxunub: “2023-cü il martın 30-da Azərbaycan Respublikası baş prokuroru Kamran Əliyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103, 107, 109, 120.2.4, 120.2.7 maddələri ilə cinayət işi başlanmış və cinayət işinin aparılması Respublika Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Cinayət işi üzrə istintaq qrupu yaradılaraq zəruri araşdırmaların aparılması, tarixi həqiqətlərin ortaya çıxarılması, Qərbi Azərbaycanda yaşamış, deportasiya və soyqırımına məruz qalmış şəxslərlə bağlı bütün təsdiqedici materialların toplanması və əldə edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasına, Milli Elmlər Akademiyasına, Dövlət Statistika Komitəsinə, Qərbi Azərbaycan İcması İctimai birliyinə, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə və digər çoxsaylı aidiyyəti orqanlara müvafiq sorğular edilib, əməliyyat axtarış fəaliyyətini həyata keçirən qurumlara əməliyyat tapşırıqları göndərilib”.
E.Camalov bildirib ki, bu barədə tədqiqat aparmış bir sıra araşdırmaçılar sübutların toplanması məqsədilə cinayət təqibi prosesinə mütəxəssis qismində cəlb olunub: "Tarixçi və dilçi alimlər dindirilmiş çoxsaylı kitablar və tarixi sənədlər əldə edilməklə iş materiallarına əlavə edilmiş və digər bu kimi zəruri prosessual tədbirlər icra olunub".
O əlavə edib ki, Qərbi Azərbaycandan deportasiya ilə əlaqədar başlanan cinayət işlərinin böyüklüyü nəzərə alınmaqla 76 rayon prokurorluğuna ayrı-ayrı istintaq hərəkətlərinin icra edilməsi məqsədilə müvafiq tapşırıqlar göndərilib və hazırda bu tapşırıqlar icra edilməkdədir. Müxtəlif rayonlarda məskunlaşmaqla yaşayan Qərbi Azərbaycandan didərgin düşmüş şəxslərin müəyyən edilərək dindirilmələri ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.
“Eyni zamanda, arxiv sənədlərinin aşkar edilərək götürülməsi və digər üsullarla bağlı Türkiyə Respublikasına hüquqi yardım göstərilməsi ilə bağlı müvafiq vəsatət göndərilib. İstintaq zamanı 1987-1991-ci il tarixlərində baş vermiş kütləvi deportasiya və soyqırımı zamanı ermənilər tərəfindən Qərbi Azərbaycan ərazisində qətlə yetirilən 216 şəxsdən 30 nəfər şəxsin yaxın qohumları, habelə hadisənin şahidləri müəyyən edilərək dindirilib. Zərərçəkmiş şəxslərin hüquqi varisi qismində tanınıb", - E.Camalov deyib.
Baş prokurorun müavini əlavə edib ki, 15 nəfər şəxsin isə Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən deportasiyaya məruz qalarkən erməni əsilli şəxslər tərəfindən müxtəlif predmetlərlə döyülərək xəsarət aldığı müəyyən edilib, həmin şəxslər və onların qohumlarının müəyyən edilərək zərərçəkmiş şəxs və ya zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilib:
“Bu dövr ərzində Bakı şəhəri və ölkənin digər regionları üzrə deportasiya və soyqırımı qurbanlarından 2500 nəfər müəyyən edilərək dindirilmiş sorğular əsasında əməliyyat qurumlardan daxil olmuş, arxiv sənədlərinə baxış keçirilərək çap edilməklə cinayət işinə əlavə edilib”.