Xəzər Xəbər

Ceyhun Bayramov sudiyyəli həmkarını antiterror tədbirləri barədə məlumatlandırıb

Gündəm | 07:18 • 21 Sentyabr 2023
Ceyhun Bayramov sudiyyəli həmkarını antiterror tədbirləri barədə məlumatlandırıb

20 sentyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Faysal bin Farhan Al Saud ilə görüş keçirib. 

XİN-dən Xezerxeber.az-a bildirilib ki, görüş zamanı tərəflər siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar və ikitərəfli əməkdaşlığın gündəliyində duran bir sıra digər məsələlər ilə bağlı fikir mübadiləsi aparıblar və qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Nazir Ceyhun Bayramov regionda baş verən son proseslər ilə bağlı məlumat verərək, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın öhdəliklərinə zidd olaraq erməni silahlı qüvvələrini ölkəmizin ərazisindən çıxarmamasının bölgədə sülh və təhlükəsizliyə əsas təhdid olduğunu bildirib.

Sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda qondarma rejimin nümayəndələrinin bir sıra genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atdığı və bu təxribatların qarşısının alınması, habelə Üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının ərazilərimizdən çıxarılması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırıb.

Görülən tədbirlərin hədəfinin müstəsna olaraq regionda bölgədə sülh və təhlükəsizliyə əsas təhdid mənbəyi olan qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturlar olduğu diqqətə çatdırılıb.

Görüşdə tərəflər həmçinin qarşılqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti