Bu görüş iyulun 21-də Brüsseldə keçiriləcək növbəti toplantıya çox yaxşı hazırlıq oldu.
Xezerxeber.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyunun 1-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında keçirilmiş qeyri-rəsmi görüşün yekunlarına dair mətbuata açıqlamasında bildirib.
Avropa İttifaqı Şurasının Prezidenti deyib:
“Bizim may ayında Brüsseldə müzakirə etdiyimiz məsələləri nəzərdən keçirmək, əlaqələndirmə, təhlükəsizlik, sərhədlərin delimitasiyası, sülh sazişi ilə bağlı müzakirə aparmaq imkanımız oldu. Bu o deməkdir ki, biz çox gərgin çalışırıq”.
Münasibətlərin normallaşdırılması istiqamətində bütün müsbət səyləri dəstəklədiklərini vurğulayan Şarl Mişel Prezident Əliyevi, baş nazir Paşinyanı, Kansler Şoltsu və Prezident Makronu “Avropa siyasi birliyi”nin İspaniyada keçiriləcək növbəti toplantısı çərçivəsində yenidən görüşə dəvət etmək niyyətində olduqlarını qeyd edib.