Xəzər Xəbər

Bakıda keçirilən İsrailin Müstəqillik Günündən FOTOLAR

Gündəm | 18:30 • 31 May 2023
Bakıda keçirilən İsrailin Müstəqillik Günündən

Mayın 30-da Bakıda Heydər Əliyev Mərkəzində İsrail Dövlətinin Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.
Xezerxeber.az xəbər verir ki, tədbirdə ölkəmizdə rəsmi səfərdə olan İsrail Prezidenti İsxak Hersoq, birinci xanım Mixal Hersoq, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, dövlət və hökumət nümayəndələri, din xadimləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirildi.
İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirdi ki, İsrail və Azərbaycan rəhbərlərinin səyləri nəticəsində ölkələrimiz arasında dostluq münasibətləri inkişaf edir, ikitərəfli strateji tərəfdaşlığımız daha da dərinləşir.
Sonra çıxış edən İsrail Prezidenti İsxak Hersoq qeyd etdi ki, bu il İsrail öz müstəqilliyinin 75-ci ildönümünü qeyd edir. Eyni zamanda, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümüdür. İki ölkənin müstəqillik günləri bir-birinə yaxın tarixlərdə qeyd olunur. Ölkələrimiz arasındakı sıx əlaqələr yalnız qarşılıqlı marağa deyil, hər şeydən əvvəl ortaq dəyərlərə əsaslanır.
İsrailin və Azərbaycanın davamlı tərəqqi və inkişaf yolu ilə irəlilədiyini vurğulayan Prezident İsxak Hersoq deyib ki, xalqlarımız arasındakı əlaqələrin qədim tarixi var. Yəhudilər üçün Azərbaycan təhlükəsiz məkandır, onlar burada inkişaf edib, öz mədəniyyətlərini qoruyub saxlayıblar. Yəhudilər yalnız öz icmaları çərçivəsində deyil, Azərbaycanın zəngin siyasi və mədəni mühitində də tərəqqi tapıblar. Bu, kiçik məsələ deyil. Dinlərarası əməkdaşlıq və xalqlararası tolerantlıq, qarşılıqlı hörmət hər iki ölkənin üstünlük verdiyi dəyərdir. Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması əlaqələrimizin yeni müstəvidə inkişafına kömək edəcək.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova İsrail Dövlətinin milli bayramı – Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi təbriklərini və xoş arzularını çatdırıb. Bildirib ki, İsrail Dövlətinin milli bayramının Ulu Öndərin adını daşıyan Mərkəzdə təntənəli şəkildə qeyd edilməsi olduqca əlamətdar bir haldır. Azərbaycan-İsrail əlaqələrinin təməli məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onu uğurla davam etdirir. Müstəqilliyinin 75 ili ərzində böyük inkişaf yolu keçən İsrail Dövlətinin əldə etdiyi nailiyyətlər ölkəmizdə böyük rəğbətlə izlənilir. Bu, təsadüfi deyil. Çünki Azərbaycanla İsraili qarşılıqlı hörmət və etimada əsaslanan əsl dostluq münasibətləri birləşdirir.
Ötən il diplomatik münasibətlərimizin qurulmasının 30-cu ilinin tamam olduğunu xatırladan Sahibə Qafarova xalqlarımız arasındakı əlaqələrin daha dərin tarixi köklərə malik olduğunu diqqətə çatdırıb.
Sonra İsrail Prezidentinə Azərbaycan xalçası hədiyyə olundu.
Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam etdi.

Xəbər lenti

Çox oxunanlar