Təhlükəsizlik sərhəddən başlayır. Prezident İlham Əliyevin Laçın rayonundan verdiyi mesajda qeyd etdiyi kimi, Azərbaycanın təhlükəsizliyinə, suverenliyinə təhdid yaradan separatçı ünsürlər qərar verməlidirlər. Ölkəmizin suverenliyi bizim üçün hər şeydən müqəddəsdir və separatçı ünsürlər ya Azərbaycan vətəndaşlığına keçməli, ya da Qarabağı tərk etməlidirlər.
Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin mayın 30-da keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deyib.
“Bəzi Avropa siyasətçilərinin Azərbaycanın suverenliyi və təhlükəsizliyi məsələsinə münasibəti başa düşülən deyil. Bəziləri separatçı qüvvələrə dəstək nümayiş etdirirlər. Azərbaycanın öz sərhədlərini beynəlxalq hüququn çərçivəsində qorumağa haqqı vardır”, - deyə Tural Gəncəliyev vurğulayıb.
O, Avropa ölkələrinin öz sərhədlərinin mühafizəsi məqsədilə 2015-ci ildə yaratdıqları Avropa Komissiyasının Fronteks Agentliyindən danışıb. “Avropa ölkələri öz sərhədlərinin mühafizəsi üçün narahatdırlarsa, Azərbaycan niyə narahat olmamalıdır?”, - deyə deputat vurğulayıb.