Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) beynəlxalq ictimaiyyəti Azərbaycanın humanitar minatəmizləmə səylərini dəstəkləməyə çağırıb.
Xezerxeber.az xəbər verir ki, bu çağırış ANAMA və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə 25-26 may tarixlərində “Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda keçirilən 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransının yekun bəyannaməsində yer alıb.
Bəyannamənin tam mətnini təqdim edirik:
"Dünyada hələ də 60-dan çox ölkə minalar və partlamamış hərbi sursatlarla (PHS) çirklənmiş olaraq qalmaqdadır ki, bu da, insanların təhlükəsizliyi, sağlamlığı, rifahı, həyatı və gələcək nəsillərin yaşam imkanlarına təhdid törədir. Bundan ən çox təsirlənən həssas əhali arasında qadınlar və uşaqlar da yer alır.
Minalar və PHS onun təsirinə məruz qalan ölkə və cəmiyyətlər üçün milli və yerli səviyyədə Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması baxımından maneə təşkil edir.
Minasız dünyaya nail olunması naminə biz – “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən 2-ci Beynəlxalq Konfransın iştirakçıları olaraq, mina təhlükəsi ilə qlobal mübarizə fəaliyyətlərini sürətləndirmək üçün aşağıdakıları vurğulamaqla qətiyyətli addımların atılmasında razılaşırıq:
Humanitar minatəmizləmə fəaliyyətinin minalarla çirklənmiş ölkələrdə davamlı inkişafın, DİM-lərə nail olunması istiqamətində irəliləyişin, sülh proseslərinin sürətləndirilməsinin və sülhün qorunmasının ilkin şərtlərindən biri olduğunu qəbul edərək;
“Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi haqqında Konvensiya” ("Ottava Konvensiyası") və “Kasetli sursatlar haqqında Konvensiya” ("Oslo Konvensiyası") da daxil olmaqla, minaların və PHS-nin istifadəsini tənzimləyən və ya qadağan edən mövcud beynəlxalq hüquqi sənədlərin prinsip və dəyərlərini qəbul edərək, eyni zamanda hamını bu sənədlərə rəsmi riayət olunması istiqamətində addımlar atmağa təşviq edərək;
Qadınlar və uşaqların da daxil olduğu ən həssas təbəqələrə qeyri-mütənasib şəkildə təsir edən minaların və PHS-nin insanlara vurduğu zərəri xatırlayaraq;
Minalarla çirklənmiş ölkələrin sosial-iqtisadi inkişafı naminə prioritet sahələrdən biri kimi humanitar minatəmizləmə fəaliyyətinin milli inkişaf proqramlarına inteqrasiya olunmasının, habelə milli humanitar minatəmsizləmə imkanlarının artırılması istiqamətində müvafiq resursların ayrılmasının əhəmiyyətini vurğulayaraq;
Milli Hökumətlərin rəhbərliyi altında humanitar minatəmizləmə fəaliyyətində vətəndaş cəmiyyətinin, özəl sektorun, medianın, təhsil müəssisələrinin və digər maraqlı tərəflərin mühüm rolunu tanıyaraq;
Humanitar minatəmizləmə fəaliyyəti üçün texnologiya və innovasiyalardan səmərəli istifadəni təşviq edərək;
Minasız dünyaya nail olmaq naminə qlobal həmrəyliyin təcəssümü olaraq və milli səylərin dəstəklənməsini də əhatə edən beynəlxalq tərəfdaşlıq və əməkdaşlığın gücləndirilməsi üzrə öhdəlikləri yeniləyərək;
Minaların təsirinə məruz qalmış bir sıra dövlətlər tərəfindən humanitar minatəmizləmə fəaliyyəti üzrə milli DİM-nin müəyyən edilməsi təşəbbüslərini və humanitar minatəmizləmə fəaliyyəti üzrə yeni qlobal DİM-nin qəbul edilməsinə olan çağırışları təqdir edərək;
Mövcud tərəfdaşlıqları gücləndirmək və yeni platformalar qurmaqla, mina və PHS təhlükəsinə son qoymaq, cəmiyyətləri bərpa prosesində dəstəkləmək və insanların ləyaqətli, təhlükəsiz və əmin-amanlıq içində öz evlərinə qayıtmasına və həyatlarını yenidən qurmasına kömək etmək naminə biz bir daha minasız dünya üçün yenilənmiş qlobal hərəkatın başlamasına çağırış edirik.
Biz, Azərbaycan Respublikası Hökumətinə humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədlərini müzakirə etmək məqsədilə yaratdığı dəyərli fürsətə, səxavətli dəstəyə və əla qonaqpərvərliyinə görə minnətdarlığımızı bildiririk. Biz, həmçinin böyük mina probleminin həllində Azərbaycanla və mina təsirinə məruz qalmış digər ölkələrlə həmrəy olduğumuzu ifadə edir və beynəlxalq ictimaiyyəti Azərbaycanın humanitar minatəmizləmə səylərini dəstəkləməyə çağırırıq".