Avqustun 27-də Şuşada keçirilən beynəlxalq konfransda iştirak edən diplomatlar və hərbi attaşelər, həmçinin beynəlxalq təşkilatların nümayəndələri şəhərin görməli yerləri ilə tanış olublar.
Xezerxeber.az xəbər verir ki, diplomatların şəhərlə tanışlığı Yuxarı Gövhər Ağa məscidi və Şuşa Realnı məktəbindən başlayıb. Konfrans iştirakçılarına bu tikililərin tarixi və aparılan yenidənqurma işləri barədə məlumat verilib.
Sonra xarici diplomatlar Cıdır düzündə olub, oradan açılan gözəl mənzərəni seyr ediblər. Diqqətə çatdırılıb ki, Vətən müharibəsi zamanı qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları, qanları bahasına Şuşanı işğaldan azad ediblər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, yenə də möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.
Konfrans iştirakçıları Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan Şuşa şəhər mərkəzi meydanında da olublar. Onlara şəhər və güllələnmiş heykəllər barədə məlumat verilib.
Daha sonra konfrans iştirakçıları Şuşa qala divarlarını ziyarət ediblər. Onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.
Sonda xarici diplomatik korpusun nümayəndələri Qazançı kilsəsində aparılan təmir-bərpa işləri ilə tanış olublar.