Qeyri-qanuni erməni silahlı birləşmələrinin dərhal Qarabağ ərazisindən çıxarılmasına indidən başlamaq lazımdır. 2022-ci il noyabrın 10-dək orada bir nəfər də olsun silahlı erməni qalmamalıdır.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın "Nasionalnaya oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.
Onun sözlərinə görə, buna paralel olaraq separatçı administrasiyanın bütün orqanları ləğv edilməli, fəaliyyətlərini dayandırmalı, onların rəhbərləri və funksionerləri Azərbaycan ərazisini tərk etməlidirlər.
"Rusiya sülhməramlıları və Azərbaycan Daxili İşlər Nazirliyinin daxili işlər orqanları Azərbaycan vətəndaşlığını qəbul etmək arzusunu bildirmiş Qarabağda qalan dinc erməni əhalisinin təhlükəsizliyini müvafiq yoxlama prosedurlarından sonra təmin edəcəklər",- deyə rusiyalı hərbi ekspert Telegram kanalında yazıb.