İşğal dövründə Zabux və Sus kəndlərində Ermənistan tərəfindən genişmiqyaslı qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirilib.
Xezerxeber.az xəbər verir ki, bu sözləri Şuşada jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
Prezidentin köməkçisi qeyd edib ki, qeyri-qanuni məskunlaşdırma siyasəti ermənilərin arzuladıqları formada geniş miqyas almayıb.
"Çünki onların burada yaşadıqları şərait xaricdən hər hansı erməninin gətirilib orada məskunlaşdırılması üçün cəlbedici ola bilməzdi. Amma müəyyən süni proqramlar həyata keçirilib. Bu, xüsusilə də Laçında, o cümlədən Zabux və Sus kəndlərində müşahidə olunur. “Ümumiyyətlə, işğal dövründə işğalçı ölkənin həmin ərazinin etnik-dini tərkibini dəyişdirməsi, mədəniyyət abidələrini məhv etməsi, arxitektura üslubunu dəyişdirməsi müharibə cinayətləri kimi tövsif olunan hallardır. Ermənistan tərəfindən həyata keçirilən bu addımlar, xüsusən Zabux və Sus kəndlərinə regionla hər hansı əlaqəsi olmayan, Yaxın Şərqdən olan insanların köçürülməsi belə hallardandır. Dövlətimizin başçısı tərəfindən bununla bağlı da müvafiq tapşırıqlar verilib. Təhlükəsizlik tədbirləri, minaların təmizlənməsi həyata keçiriləndən sonra müvafiq faktaraşdırıcı, sənədləşdirmə missiyaları həyata keçiriləcək”, - deyə H.Hacıyev əlavə edib.