Otuz illik işğal dövründə ermənilər regionun ekosisteminə ziyan vurub, etnik və mədəni abidələr dağıdılıb.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Otuz il ərzində işğal altında olan torpaqlara vurulan zərər barədə danışan xüsusi nümayəndə dağıdılmış ərazilərin sahəsinin çox geniş olduğunu, 54 min hektar ərazidə dağıntıların törədildiyini qeyd edib.
E.Hüseynov diqqətə çatdırıb ki, qısa müddət ərzində görülən tikinti-bərpa işləri dünya üçün nümunəvi sayıla bilər.
Xüsusi nümayəndə bütün bərpa və yenidənqurma işlərinin əsas istiqamətlərinin Baş planın hazırlanması, infrastruktur layihələrinin həyata keçirilməsi üçün ərazilərin minalardan təmizlənməsi, sosial və ictimai infrastrukturlarla tam təmin edilmə və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması olduğunu vurğulayıb.
“Mədəni irsin qorunub saxlanılması bizim əsas prioritetimizdir. Ağdamda Cümə və Qiyaslı məscidləri bərpa olunub. Bundan əlavə, Ağdam və Füzulidə açıq səma altında İşğal və Zəfər muzeyləri də olacaq”, - deyə E.Hüseynov qeyd edib. (AZƏRTAC)