Xəzər Xəbər

Prezidentin köməkçisi: Azərbaycan dünyada ən dəhşətli postmünaqişə şəraiti ilə üzləşib

Gündəm | 15:20 • 27 Avqust 2022
Prezidentin köməkçisi: Azərbaycan dünyada ən dəhşətli postmünaqişə şəraiti ilə üzləşib

Azərbaycan dünyada ən nadir və ən dəhşətli postmünaqişə şəraiti ilə üzləşib. Təəssüf ki, Azərbaycana münasibətdə BMT və onun alt institutları tərəfindən hər hansı bir genişmiqyaslı fəaliyyət yoxdur. BMT-nin ali rəhbərliyi tərəfindən münaqişə başa çatandan sonra regiona hələ də heç bir səfər edilməyib.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə Şuşada jurnalistlərə açıqlamasında danışıb.

O vurğulayıb ki, normalda 30 ildən çox davam edən, bu qədər humanitar fəlakətlərə, faciələrə səbəb olmuş postmünaqişə şəraitində BMT-nin ali rəhbərliyi səviyyəsində regiona səfər həyata keçirilməsi, bu münaqişənin həll olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi faktları təqdir edilməli idi: "Təəssüf ki, biz BMT rəhbərliyi tərəfindən, - necə ki, 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələri masa üzərində qaldı, - bu məsələdə də hər hansı bir ciddi fəaliyyət müşahidə etmirik".

H.Hacıyev xatırladıb ki, bu yaxınlarda BMT, Avropa İttifaqı və Dünya Bankı tərəfindən postmünaqişə, bərpa və quruculuq konsepsiyasına uyğun olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə geniş faktaraşdırıcı missiya həyata keçirildi. Onlar bununla bağlı ətraflı hesabat hazırladılar: "Orada diqqəti çəkən iki vacib məqam var - onlar özləri də beynəlxalq ictimaiyyətin nümayəndələri olaraq etiraf edirlər ki, birincisi, bu miqyasda dağıntı olmamışdır, ikincisi isə dağıntıya münasibətdə belə sürətlə yenidənqurma və tikinti layihəsi olmamışdır. Bu, bir daha onu göstərir ki, Azərbaycanın həyata keçirdiyi layihələr beynəlxalq ictimaiyyət tərəfindən də böyük diqqətlə izlənilir".

Xəbər lenti

Çox oxunanlar