Xəzər Xəbər

Qazaxıstan mediası Tokayevin Azərbaycana səfərindən və iki ölkənin münasibətlərindən yazır

Gündəm | 14:02 • 24 Avqust 2022
Qazaxıstan mediası Tokayevin Azərbaycana səfərindən və iki ölkənin münasibətlərindən yazır

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Respublikasına səfəri ərəfəsində Qazaxıstanın bir sıra kütləvi informasiya vasitələrində bu səfər və iki ölkənin münasibətləri barədə materiallar dərc edilib.

 “Kazinform” beynəlxalq informasiya agentliyinin saytında, “BaigeNews.kz”, “LS”, “QMonitor”, “Inbusiness.kz” və başqa saytlarda bu səfərin böyük əhəmiyyəti qeyd edilir.

“Kazinform”un saytında dərc olunmuş “Qazaxıstan və Azərbaycan: münasibətlərin yeni mərhələsi üçün tarixi imkan” adlı materialda xatırladılır ki, bu il Qazaxıstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilir. Öz regionlarında inkişafın lokomativləri hesab edilən bu dövlətlərin hər ikisi təqribən əsrin üçdə birinə bərabər olan müddətdə siyasi, iqtisadi, mədəni-humanitar inkişafda böyük yol keçib, sanballı nəticələr əldə edib.

Qeyd edilir ki, 2005-ci ildə Bakıda imzalanmış Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqaviləni qarşılıqlı münasibətlərin səviyyəsini müəyyən edən əsas məqam hesab etmək olar. Strateji xarakterli bu ilk sənəddə iki ölkənin dostluğunun dərin kökləri və müttəfiqlik münasibətləri qeyd edilir.

Qazaxıstanlı oxucunun diqqətinə çatdırılır ki, hər iki postsovet ölkəsi bir-birinin suverenliyini və ərazi bütövlüyünü təkcə sözdə deyil, həm də konkret hərəkətlərlə açıq dəstəkləyirlər. Bu ölkələrin çoxvektorlu və tarazlaşdırılmış xarici siyasəti müasir təhdidlərə, o cümlədən son aylarda dünyada müşahidə olunan geosiyasi turbulentliyə qarşı davamlılıq nümayiş etdirir.

“Kazinform”un materialında deyilir: “Bu gün Qazaxıstan ilə Azərbaycanın geniş müqavilə-hüquq bazasında müxtəlif xarakterli 90-a yaxın sənəd, o cümlədən dövlətlərarası müqavilələr, hökumətlərarası sazişlər və başqa sənədlər var. Əməkdaşlığın formatı çoxtərəflidir, Qazaxıstan Respublikası və Azərbaycan Respublikası BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, Türksoy, Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq və regional qurumlar çərçivəsində aktiv qarşılıqlı fəaliyyət göstərir”.

Məqalənin müəllifi Serikbol Koşmaqanbetov ikitərəfli münasibətlərin iqtisadi tərkib hissəsinə toxunaraq vurğulayır ki, bu gün Azərbaycan Cənubi Qafqazda Qazaxıstanın əsas ticari-iqtisadi tərəfdaşıdır.

“BaigeNews.kz” nəşri Qazaxıstan Respublikasının Prezidenti yanında Qazaxıstan Strateji Tədqiqatlar İnstitutunun direktoru Yerkin Tukumovun fikrini sitat gətirir. O hesab edir ki, Qazaxıstan ilə Azərbaycan arasında qarşılıqlı münasibətlər hələ özünün bütün potensialını reallaşdırmayıb.

Tukumov Qazaxıstan-Azərbaycan Ekspert Şurasının birinci iclasındakı çıxışında deyib: “2021-ci ildə Qazaxıstan ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 332,2 milyon ABŞ dollarına bərabər olub. Ölkələrimiz neft-qaz sahəsində, sənaye kooperasiyası, nəqliyyat və logistika, “yaşıl energetika”nın inkişafı, kənd təsərrüfatı sahələrində qarşılıqlı maraqlara və imkanlara malik olduğuna baxmayaraq öz potensialını sona qədər reallaşdırmayıb”.

Onun sözlərinə görə, Azərbaycan Qazaxıstan üçün təbii müttəfiq, Türk dünyasının əsas aktorlarından biri, Cənubi Qafqazın strateji əhəmiyyətli regionunda tərəfdaşdır.

“QMonitor” saytında dərc edilmiş materialda qeyd olunur ki, Azərbaycan enerji resurslarının Asiyadan Avropaya nəql edilməsində körpü rolu oynayır. Bu gün “KazMunayQaz” ilə SOCAR Azərbaycan Dövlət Neft Şirkəti arasında Qazaxıstan neftinin xeyli hissəsinin Bakı-Tbilisi-Ceyhan marşrutu ilə nəql edilməsinə dair danışıqlar aparılır. Bu danışıqların yekununda hər il 1,5 milyon barel Qazaxıstan neftinin dünya bazarına çıxarılması nəzərdə tutulur.

Xatırladılır ki, Qazaxıstanla Azərbaycanı təkcə iqtisadi maraqlar deyil, həm də çox cəhətdən ortaq türk köklərinə əsaslanan zəngin mədəni və tarixi əlaqələr birləşdirir. Hər iki ölkənin xarici və daxili siyasətinin mühüm elementi olan bu məqam onların etnik-mədəni və mənəvi yaxınlığını vurğulamağa əsas verir.

Materialda vurğulanır ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana bugünkü səfəri çərçivəsində regionda dəyişkən reallıqlar fonunda strateji tərəfdaşlığın inkişafı və hərtərəfli əməkdaşlığın genişlənməsi, heç şübhəsiz, dövlət başçılarının diqqət mərkəzində olacaq.

“Inbusiness.kz” nəşrində dərc edilmiş “Bütün yollar ...Bakıdan keçir” sərlövhəli məqalədə qeyd edilir ki, Cənubi Qafqazda mentallığa, tarixə və dilə görə bizə yaxın olan Azərbaycan Respublikası bugünkü geosiyasi vəziyyət fonunda Qazaxıstan üçün “Avropaya yeni pəncərə” olur.

Materialda Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi Ellada Xankişiyevanın fikrinə istinad edilir.

Azərbaycanlı ekspert iki ölkə arasında çoxillik dostluq və əməkdaşlıq telləri olmasını xatırladaraq qeyd edib ki, iki ölkənin prezidentlərinin görüşü ikitərəfli münasibətlərin inkişafına təkan verəcək və buna müvafiq olaraq, iqtisadi əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş mühüm sənədlər imzalanacaq. Onun sözlərinə görə, mühüm sənədlərdən biri “2022-2026-cı illərdə Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında əməkdaşlığın inkişafına dair kompleks proqram” olacaq.

E.Xankişiyeva deyib: “Müzakirə ediləcək mövzular siyahısına Transxəzər marşrutu və “Şimal-Cənub” dəhlizi çərçivəsində tərəfdaşlığın genişlənməsi, tranzit-logistika zəncirinin möhkəmlənməsi, “Ələt” azad iqtisadi zonasında həyata keçirilən layihələrdə qazaxıstanlı sahibkarların iştirakını nəzərdə tutan ikitərəfli investisiya layihələrinin genişlənməsi, habelə Qarabağın bərpası layihələrində Qazaxıstan şirkətlərinin mümkün iştirakı məsələləri daxildir”. (AZƏRTAC)

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024