Avropa İttifaqının bəzi ölkələri dondurulmuş Rusiya aktivlərinin Ukraynanın ehtiyacları üçün istifadəsinə qarşı çıxır.
Xezerxeber.az xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu barədə Estoniyanın ERR telekanalına müsahibəsində deyib.
“Biz Avropa İttifaqına 27 üzv ölkə ilə Rusiyanın dondurulmuş aktivlərini müzakirə etdik. Bu məsələdə bəzi risklər var və onları minimuma endirmək yollarını tapmalıyıq. Bundan əlavə, bəzi ölkələr bunun qəti əleyhinədir”, - deyə Kaya Kallas bildirib. Lakin siyasətçi burada hansı ölkələrdən söhbət getdiyini dəqiqləşdirməyib.
Bir müddət öncə, Avropa diplomatiyasının rəhbəri Brüsselin dondurulmuş Rusiya aktivlərindən əldə edilən mənfəət hesabına aprelin sonunadək Ukraynaya 2,1 milyard avro ayırmaq niyyətində olduğunu söyləmişdi.
Xatırladaq ki, Rusiya Ukraynaya qarşı hərbi təcavüzə başladıqdan sonra Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Moskvaya məxsus 300 milyard dollarlıq aktivləri dondurub. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həmin aktivlərdən gələn gəlirlərin Ukraynaya təqdim olunacağı təqdirdə Moskvanın sərt reaksiyası barədə xəbərdarlıq edib.