Brüssel Donald Trampın tarif siyasətinə cavab olaraq ABŞ şirkətlərini dövlət satınalmaları sifarişlərindən məhrum edə bilər.
Xezerxeber.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin Aİ-nin sənaye strategiyasına nəzarət edən müavini Stefan Sejurne deyib. “Biz Avropa İttifaqının dövlət satınalmalarında ABŞ şirkətlərindən tamamilə imtina edə bilərik”, - deyə Sejurne “France Inter” radiosuna müsahibəsində bildirib. Onun sözlərinə görə, hazırda belə tədbirlər ABŞ administrasiyası ilə müzakirə olunur.
Avropa Komissiyasının sədr müavini, həmçinin bəzi sahələrdə “başqa seçimlər olmadığı” üçün Brüsselin ABŞ şirkətlərinin bir sıra xidmətlərindən, məsələn, rəqəmsal texnologiyalardan imtina edə bilməyəcəyini vurğulayıb.
O, eyni zamanda, ABŞ-a təzyiq vasitələrinin olduğunu və danışıqlarda onlardan istifadə ediləcəyini söyləyib. Stefan Sejurne dövlət satınalmaları üzrə əməkdaşlığın dayandırılmasının ABŞ şirkətlərinə “ağır zərbə vuracağını” deyib.
Avropa Komissiyası Vaşinqtonun Avropa İttifaqından tədarük olunacaq polad və alüminiuma tətbiq etdiyi tariflərə cavab olaraq əlavə rüsumlara məruz qalacaq ABŞ məhsullarının siyahısını bu gün açıqlayacaq. Siyahıya ət, taxıl, şərab, taxta, geyim və digər mallar daxildir. Eyni zamanda, bura Avropa Komissiyasının 50 faizlik rüsum tətbiq etmək niyyətində olduğu və Trampın Avropada istehsal olunan spirtli içkilərə 200 faizlik əks tariflə hədələdiyi Amerika burbonu da daxil ola bilər.
Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına əlavə gömrük rüsumunun tətbiq olunacağını bəyan edib.