Əfqanıstan hökumətinin nümayəndəsi Zabihullah Mücahid Qərb ölkələrindən onların hərbi qulluqçularının əməllərindən zərər çəkən əfqanıstanlılara təzminat ödəmələrini tələb edib.
TOLO News telekanalının məlumatına görə, Zabihullah Mücahid hökumətdəki müvafiq orqanların müharibədən zərərçəkən bütün sakinlərin hüquqlarını təmin edəcəyini bildirib.
Böyük Britaniya hərbçilərinin törətdiyi əməllərin araşdırılması məsələsini şərh edən hökumət nümayəndəsi “işğalçı ölkələrin bütün hərbi cinayətləri qəsdən törətdiyini” vurğulayıb.
Birləşmiş Krallıqda britaniyalı hərbçilərin 2010-2013-cü illərdə Əfqanıstanda törətdiyi müharibə cinayətləri ilə bağlı 2023-cü ildə ictimai araşdırma başlayıb. İstintaq Böyük Britaniyanın hərbi və siyasi rəhbərliyinin məhkəməsiz qətllər barədə məlumatları gizlədib-gizlətmədiyini müəyyən etmək məqsədi daşıyır.
Yanvarın 8-də “The Daily Telegraph” qəzeti anonim britaniyalı zabitin bəyanatına istinadla məlumat yayıb ki, Britaniyanın desant bölmələrindən birinin əsgərləri döyüş qabiliyyətli, lakin təhdid yaratmayan əfqanıstanlı kişiləri və 16 yaşınadək yeniyetmələri qəsdən öldürüblər.