Ermənistan hakimiyyəti keçmiş müdafiə naziri Vigen Sarkisyanın Massaçusets ştatındakı malikanəsinə həbs qoyulması üçün ABŞ-yə müraciət edib.
Xezerxeber.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə İctimai Televiziyaya prokuror Saşik Avetisyan məlumat verib.
Onun sözlərinə görə, əmlaka həbs qoyulması üçün ərizə ABŞ-nin səlahiyyətli orqanlarına göndərilib. Bundan əlavə, Abovyan küçəsində və Yerevanın Şimal prospektində 4 ədəd əmlaka həbs qoyulub.
Mayın 15-də Antikorrupsiya Məhkəməsi Baş Prokurorluğun qanunsuz əmlakın müsadirə edilməsi ilə bağlı növbəti iddiasını qəbul etdi.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında Ermənistan Baş Prokurorluğu keçmiş müdafiə naziri Vigen Sarkisyana qarşı qiyabi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətə külli miqdarda ziyan vurmaqda ittiham edərək cinayət işi başlatmışdı. O, Ermənistanda axtarışa verilib və ilkin məlumatlara görə, ABŞ-da yaşayır.