Xəzər Xəbər

Əsəd rejimi devrildikdən sonra suriyalı qaçqınların qayıdışı sürətlənib

Dünya | 12:45 • 15 Dekabr 2024
Əsəd rejimi devrildikdən sonra suriyalı qaçqınların qayıdışı sürətlənib

Bəşər Əsəd rejiminin süqutu fonunda Suriyaya qaçqın axını artıb. Təkcə dekabrın 9-dan 13-dək olan müddətdə Türkiyədən öz vətənlərinə könüllü olaraq 7621 qaçqın qayıdıb və ümumilikdə bu ilin 11 ayı ərzində bu göstərici 121 min 695 nəfər təşkil edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Nazirin sözlərinə görə, Türkiyədə Suriyadan olan qaçqınların sayı 2 milyon 938 min nəfərdən çoxdur, onların əksəriyyəti Hələb vilayətinin keçmiş sakinləridir.

“TRT Haber” telekanalının məlumatına görə, Hatay vilayətinin İdliblə həmsərhəd olan “Cilvegözü”, “Yayladağı” və “Zeytindalı” keçid məntəqələrində suriyalılardan ibarət uzun növbələr düzülüb.

Bu arada Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyənin Dəməşqdəki səfirliyinin 12 ildən sonra yenidən fəaliyyətə başlamasını alqışlayıb. “Qarşıdakı dövr Suriya üçün asan olmaya bilər, lakin Türkiyə Suriya xalqı ilə çiyin-çiyinə durmağa davam edəcək”, - deyə Türkiyə diplomatiyasının rəhbəri bildirib.

Xəbər lenti