Xəzər Xəbər

Hindistan müxalifəti milyarder Adaninin həbsini tələb edir

Dünya | 23:18 • 21 Noyabr 2024
Hindistan müxalifəti milyarder Adaninin həbsini tələb edir

Hindistanın aparıcı müxalifət partiyası - Milli Konqresin lideri Rahul Qandi ölkədə fəaliyyət göstərən “Adani Group” kompaniyasının sahibi milyarder Qautam Adaninin həbsini tələb edib.

Xezerxeber.az xəbər verir ki, müxalifətin tələbi ABŞ-nin Qautam Adani və onun yeddi tərəfdaşına qarşı irəli sürülən ittihamdan sonra səsləndirilib.

Rahul Qandi Nyu-Dehlidə keçirdiyi mətbuat konfransında Adaninin həm Hindistan, həm də ABŞ qanunlarını pozduğunu deyib. O, həmçinin Baş nazir Narendra Modini milyarderi himayə etməkdə günahlandırıb.

Bir müddət öncə Nyu-York prokurorluğu hindistanlı milyarder Qautam Adani və onun tərəfdaşlarını dələduzluq və rüşvətxorluqda ittiham etmişdi. Prokurorluğun məlumatına görə, “onlar milyardlarla dollar dəyərində müqavilələr əldə etmək niyyətilə Hindistan rəsmilərinə rüşvət vermək üçün mürəkkəb sxem təşkil edib, həmçinin ABŞ və beynəlxalq investorlardan kapital cəlb etmək məqsədilə özlərinin korrupsiya sxemi haqqında yalan danışıblar”. Qautam Adaninin 2020-ci ildən 2024-cü ilədək böyük günəş enerjisi müqavilələrini təmin etmək üçün Hindistan hökumətinə 250 milyon dollardan çox rüşvət verdiyi iddia edilir.

“Hindu” qəzetinin məlumatına əsasən, Nyu-York məhkəməsi artıq Qautam Adaninin həbsinə order verib.

“Bloomberg” agentliyi Adaninin sərvətini 85,5 milyard dollar həcmində qiymətləndirir. O, Hindistanın ən zəngin adamları siyahısında 2-ci, dünyada isə 18-ci yerdə qərarlaşıb.

“Adani Group” Hindistanın siyasi və iqtisadi həyatına təsir göstərən ən böyük biznes qruplarından biridir. Kompaniya ölkənin enerji, kənd təsərrüfatı və müdafiə sənayesində aparıcı mövqe tutur. “Adani Group”, həmçinin Hindistanda bütün dəniz limanlarının ötürücülük qabiliyyətinin 25 faizini təşkil edən 14 ən böyük dəniz limanına, eləcə də yeddi hava limanına sahibdir.

Xəbər lenti

Çox oxunanlar