17 noyabrda Rusiya Ukraynaya 120 raket və 90 dron göndərib.
Xezerxeber.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda açıqlayıb.
“Ukraynanın bütün bölgələrinə kütləvi zərbə endirilib. Bu gecə və səhər saatlarında Rusiya tərəfi müxtəlif tipli, xüsusən də “Şahid” tipli dronlardan istifadə ediblər. Qanadlı, ballistik və aeroballistik raketlər: sirkonlar, “İskəndər”lər, “Kinjal”lar. Ümumilikdə, təxminən 120 raket və 90 dron”, – dövlət başçısı söyləyib.
Zelenski hava hücumundan müdafiə qüvvələrinin “140-dan çox hava hədəfini məhv etdiyini” vurğulayıb.
O, hədəfin Ukraynanın enerji infrastrukturu olduğuna diqqət çəkib: “Təəssüf ki, zərbələrdən və qalıqların düşməsindən obyektlərə ziyan dəyib”.
Volodimir Zelenski Mıkolaevdə dron hücumu nəticəsində iki nəfərin öldüyünü, daha altı nəfərin, o cümlədən iki uşağın yaralandığını açıqlayıb.
“Hazırda işıqsız qalan ərazilərimiz var”, – o deyib.
Zelenski hava hücumunun dəf edilməsi zamanı Qərbin ötürdüyü "F-16" qırıcılarının da iş başında olduğunu bildirib.