Donald Tramp dövlət başçısı postu uğrunda keçirilən seçkilərdə qələbə qazandığını elan edib.
Xezerxeber.az xəbər verir ki, Respublikaçılar partiyasından prezidentliyə namizəd Florida ştatındakı Mar-a-Laqodakı malikanəsində özünü ABŞ-ın 47-ci prezidenti adlandırıb. “Bu, ölkəmizin indiyədək görmədiyi siyasi qələbədir”, - deyə Donald Tramp bildirib.
O, tərəfdarları qarşısında çıxış edərək ölkədəki vəziyyəti düzəltmək niyyətində olduğunu, qanunsuz miqrasiya və dövlət borcu problemlərini həll edəcəyini, həmçinin vergiləri azaldacağını deyib.
Göstərdiyi dəstəyə görə amerikalılara təşəkkür edən Tramp, həmçinin tərəfdarlarına, o cümlədən sahibkar İlon Maska, biznesmen Deyn Uayta və sonradan onun kampaniyasına qoşulan müstəqil namizəd Robert Kennediyə minnətdarlığını ifadə edib.
O, eyni zamanda respublikaçıların Senatda çoxluğu təmin etdiyini və Nümayəndələr Palatasına da nəzarəti əllərində saxlayacağını iddia edib.
Donald Trampın vitse-prezident postuna namizədi Cey Di Vens isə sabiq prezidentin qələbəsinin “Amerika siyasəti tarixində ən heyrətamiz revanş” olduğunu vurğulayıb.
“Fox News” telekanalının və “The Hill” qəzetinin proqnozuna görə, ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar partiyasının namizədi qalib gəlib. Bundan öncə ABŞ-ın 45-ci prezidenti olan Donald Tramp 2020-ci il seçkilərində demokrat Cozef Baydenə uduzmuşdu.