Xəzər Xəbər

Bu il Türkiyənin müdafiə sənayesi şirkətləri ixracda rekorda imza atıb

Dünya | 11:00 • 26 Oktyabr 2024
Bu il Türkiyənin müdafiə sənayesi şirkətləri ixracda rekorda imza atıb

“SAHA EXPO” müdafiə sənayesi sərgisi 150 mindən çox ziyarətçi, 300-dən artıq nümayəndə heyəti, 120-dən artıq ölkədən yüksək səviyyəli iştirak, 1400-dən çox şirkətin iştirakı ilə sektorunda önəmli bir platformaya çevrilib.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “SAHA EXPO 2024” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisini ziyarəti zamanı çıxışında ifadə edib. Onun sözlərinə görə, keçən il müdafiə və aviasiya sektoru 5,6 milyard dollarlıq ixrac rəqəminə çatıb.

Türkiyənin qlobal müdafiə sənayesi sektorunda güclü bir oyunçu olmaq yolunda əmin addımlarla irəlilədiyini vurğulayan ölkə başçısı bildirib ki, bu uğur, texnologiyanı strateji əməkdaşlıqlar və beynəlxalq layihələrlə də möhkəmləndirilir.

2002-ci ildə Türkiyənin müdafiə sənayesi üzrə ixracı 248 milyon dollarda 5,6 milyard dollara çatdırılıb. Yalnız ötən il 185 ölkəyə, 230-dan çox müdafiə məhsulu ixrac edilib. Ölkənin müdafiə və aviasiya ixracatı bu ilin sentyabr ayında ötən ilin eyni ayına nisbətən 32 faiz artıb. İlk 9 ayda ölkənin sahə üzrə ixracatı da ötən illə müqayisədə 12,2 faiz yüksəlib. Son 12 ayda həyata keçirilən ixracat isə 10,4 faizlik artımla 6 milyard 15 milyon dollara çatıb. Sadəcə 2024-cü il ərzində Türkiyənin müdafiə sənayesi şirkətləri 178 fərqli ölkəyə məhsul ixrac edərək ciddi bir rekorda imza atıb.

“Xüsusilə “Bayraktar TB2”, “AKINCI”, ANKA, “Aksungur” kimi pilotsuz hava vasitələri dünyada böyük əks-səda doğurub və oyun dəyişdirici olaraq xarakterizə edilir. Gələcəkdə buna pilotsuz döyüş təyyarələri olan “Kızılelma” və ANKA-3 də əlavə edilə bilər. Ölkənin müdafiə sənayesində yerli istehsal nisbəti 80 faizdən yuxarı qaldırılıb” - deyə Ərdoğan bildirib.

Qeyd edilib ki, Türkiyə TÜRKSAT 6A layihəsi ilə rabitə peyklərinin istehsalı sahəsində öz peykini istehsal edə bilən azsaylı ölkələr sırasına daxil olub. TÜRKSAT 6A və İMECE layihələrində qazanılan qabiliyyətlər ölkənin Ay missiyasının hazırlıq və həyata keçirilmə proseslərində də istifadə ediləcək.

“Bölgəmizdə baş verən kritik proseslər, bizə müdafiə, aviasiya və aerokosmik texnologiyalar olmaqla heç bir sahəni laqeyd etməməyin vacibliyini xatırladır” - deyə Ərdoğan bildirib.

Xatırladaq ki, Azərbaycanı tədbirdə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti təmsil edir.

Sərgidə açılan Azərbaycan stendində 57 adda müdafiə təyinatlı məhsullar təqdim olunub. Bura iri və ortaçaplı snayper tüfəngləri, müxtəlifçaplı minaatan, avtomatlar, iriçaplı pulemyotlar, avtomatik top və qumbaraatanlar, eləcə də həmin silahların sursatları daxildir.

Oktyabrın 26-dək davam edəcək tədbir İstanbul Sərgi Mərkəzinin 8 sərgi salonunda, qapalı və açıq sahə olmaqla ümumi 90 min kvadratmetrlik ərazidə təşkil olunub.

Xəbər lenti