Xəzər Xəbər

Avropa “dönmə nöqtəsinə” yaxınlaşır

Dünya | 13:25 • 14 Oktyabr 2024
Avropa “dönmə nöqtəsinə” yaxınlaşır

Avropa İttifaqının (Aİ) üzləşdiyi çətin iqtisadi və siyasi vəziyyət onun beynəlxalq səhnədəki mövqeyinə ciddi zərbə vura və Brüsselin müstəqil qlobal gücə çevrilmək istəklərinə son qoya bilər.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin dərc etdiyi materialda deyilir.

Agentlik qeyd edir ki, Avropa “dönmə nöqtəsinə” yaxınlaşmaqdadır. “Siyasi iflic, xarici təhdidlər və iqtisadi çətinliklərin” birləşməsi Aİ ölkələrini diqqəti ümum-Avropa mənafeyinə yönəltməyə deyil, öz maraqlarını qorumağa sövq edir. Çünki Avropa elitaları tənəzzülün artıq qaçılmaz olduğuna dair çoxlu dəlillərlə qarşılaşıblar. “Bloomberg” həmin dəlillər arasında Fransada sağçı siyasi qüvvələrin və avroskeptiklərin güclənməsini, “Volkswagen” zavodlarının görünməmiş şəkildə bağlanmasını, həmçinin Aİ-nin süni intellekt texnologiyaları sferasında tənzimləyici məhdudiyyətlərin tətbiqi ilə əlaqədar ABŞ texnoloji nəhənglərinin Avropa bazarını tərk etməsini vurğulayır.

“Bloomberg” yazır ki, bütün bunlar “Aİ-nin vahid və dinamik iqtisadi blok kimi fəaliyyət göstərə bilmədiyini” sübut etməklə, onun beynəlxalq statusunu sarsıdır və xarici təhdidlərə cavab vermək imkanlarını məhdudlaşdırır. Avropa iqlim dəyişikliyi, demoqrafik böhran və postsənaye iqtisadiyyatına keçid daxil olmaqla, bir çox qlobal problemlərə “cavab verə bilmir”. Buna görə də bəzi Aİ ölkələrinin hakimiyyətləri çıxış yolunu ittifaq xaricindəki dövlətlərlə yaxınlaşma və inteqrasiyada görürlər.

Xəbər lenti

Çox oxunanlar