Xəzər Xəbər

Yunanıstan əhalisinin azalması narahatlıq doğuracaq həddə çatıb

Dünya | 13:13 • 14 Oktyabr 2024
Yunanıstan əhalisinin azalması narahatlıq doğuracaq həddə çatıb

Yunanıstan əhalisinin 2070-ci ilə qədər 25% azalacağı gözlənilir. Bu isə Avropa İttifaqının 4 faizlik orta göstəricisindən xeyli yüksəkdir. 2022-ci ildə ölkədə təxminən 77 min körpə dünyaya gəlib ki, bu da son yüz ilin ən aşağı doğum səviyyəsidir. Ölüm halları isə iki dəfə çox olub – 140 min nəfər.

“Euronews” kanalı xəbər yayıb ki, 2021-ci ildə əhalinin son siyahıyaalınması 10 il ərzində ümumi əhali sayının 3,1 faiz azalaraq 10,5 milyon nəfərdən də aşağı düşdüyünü göstərdi. Bu, ilk növbədə ölkənin keçirdiyi iqtisadi böhranla əlaqədardır. Böhran illərində yarım milyon insan, xüsusilə əhalinin gənc və təhsilli təbəqəsi ölkəni tərk edib. Qalanlar isə yüksək işsizlik və aşağı əmək haqqı ilə xarakterizə olunan əmək bazarının ağır şərtləri ilə üzləşiblər. Bu problem yunanların sabit karyera və ailə qurmasına mane olur və onları xoşbəxtlik axtarışında xaricə üz tutmağa vadar edir.

Gənc əhalinin sürətlə azalması, doğum səviyyəsinin aşağı düşməsi və əhalinin qocalması onsuz da iqtisadi çətinlikləri olan ölkədə vəziyyəti bir az da ağırlaşdırır. İqtisadçılar pensiya sistemi və səhiyyə xidmətinin təzyiq altında olduğunu bildirirlər.

Yunanıstan hökuməti məsələnin aktuallığını dərk edərək, 2023-cü ildə sırf demoqrafik problemin həlli ilə məşğul olan Sosial Həmrəylik və Ailə Məsələləri Nazirliyini yaradıb. Nazir Sofiya Zaxarakinin rəhbərliyi ilə vergi güzəştləri və yeni doğulmuş uşaqlar üçün dövlət müavinətlərinin artırılması da daxil olmaqla bir sıra tədbirlər həyata keçirilib. Lakin bu islahatların ölkədən kənarda həyatını qurmuş insanları geri qaytaracağı sual altındadır.

Xəbər lenti

Çox oxunanlar