Xəzər Xəbər

İran nüvə reaktorunda partlayışla bağlı məlumatları təkzib edib

Dünya | 12:55 • 8 Oktyabr 2024
İran nüvə reaktorunda partlayışla bağlı məlumatları təkzib edib

İranın “Xatəm əl-Ənbiya” hava hücumundan müdafiə bazasının rəhbərliyi nüvə tədqiqat reaktorunun yerləşdiyi İsfahan şəhəri yaxınlığında partlayışlar barədə məlumatı təkzib edib.

Məlumatların mənbəyi və ya iddia edilən hadisənin mahiyyəti barədə təfərrüatlar yoxdur.

Bir müddət öncə, “The New York Times” qəzeti raket hücumlarına cavab olaraq İsrailin İrandakı nüvə infrastrukturuna deyil, hərbi bazalara, kəşfiyyat obyektlərinə və ya komanda məntəqələrinə hücum edə biləcəyi barədə versiya irəli sürüb. Bununla belə, nəşrin mənbələri Tehranın qisas alacağı və eskalasiyanı artıracağı təqdirdə nüvə obyektlərinin də hədəf alına biləcəyini istisna etməyiblər.

Qeyd edək ki, HƏMAS, “Hizbullah” və İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyində əsas fiqurların öldürülməsinə cavab olaraq İran oktyabrın 1-də İsrailə qarşı geniş raket hücumu həyata keçirib. Tehran raketlərin 90 faizinin hədəflərə çatdığını, Təl-Əviv isə onların əksəriyyətinin zərərsizləşdirildiyini iddia edib.

İsrail ordusunun Baş qərargahı İranın bu hücumuna cavab verməklə, Tehran isə yəhudi dövlətinə qarşı hücumları daha da genişləndirməklə hədələyib.

ABŞ Prezidenti Cozef Bayden İsrailin İrandakı nüvə obyektlərinə zərbələr endirməsinin məqsədəuyğun olmadığını bildirib. (AZƏRTAC)

Xəbər lenti