Xəzər Xəbər

Bu ölkədə yaşayan əcnəbilərə vətəndaşlıq daha tez verilə bilər

Dünya | 09:17 • 26 Sentyabr 2024
Bu ölkədə yaşayan əcnəbilərə vətəndaşlıq daha tez verilə bilər

İtaliyada yaşayan əcnəbilərə qısa müddətdə vətəndaşlıq verilməsinə dair qanunda dəyişiklik üçün referendum keçirilə bilər.

Əcnəbilərin və onların övladlarının daha qısa müddətə vətəndaşlıq almaları ilə bağlı qanunda dəyişiklik edilməsi son dövrlərdə İtaliyada əsas müzakirə mövzusuna çevrilib. Belə ki, İtaliyada əcnəbilərin vətəndaşlıq alması üçün şərtlərdən biri 10 il fasiləsiz yaşamaq tələbinin 5 ilə endirilməsi təklifidir. Bununla bağlı qanuna dəyişiklik edilməsi və referendum tələbi üçün keçirilən kampaniya çərçivəsində tələb olunan 500 min imza sayı toplanıb. Toplanan imzalar referendumun keçirilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə təqdim olunacaq. Konstitusiya Məhkəməsinin gələn ilin fevralında referendumun keçirilib-keçirilməməsinə qərar verəcəyi gözlənilir.

İtaliyanın Baş naziri Ciorcia Meloni mövcud qanunda dəyişikliyə ehtiyac olmadağını bildirib. O, 10 illik yaşayış tələbinin vətəndaşlıq verilməsi üçün məqbul müddət olduğunu deyib.

Baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani isə İtaliyada doğulmuş, 12 yaşından əvvəl ölkəyə gələn, fasiləsiz yaşayan və ən azı 5 il təhsil alan azyaşlılara vətəndaşlıq verilməsinin tərəfdarı olduğunu bildirib.

Qeyd edək ki, İtaliyada yaşayan əcnəbilər vətəndaşlıq almaq üçün 10 il davamlı olaraq bu ölkədə yaşamalı, hər hansı cinayət törətməməli və gəlirlərini bəyan etməlidirlər. Əcnəbilərin İtaliyada doğulmuş uşaqları isə yetkinlik yaşına çatana qədər fasiləsiz bu ölkədə yaşadıqdan sonra vətəndaşlıq almaq hüququna malik olurlar. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar