Prezident Rəcəb Tayyib Ərdoğan regionda, o cümlədən qonşu Suriyada sabitliyin təmin edilməsi istiqamətində ciddi addımlar atır.
Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler yerli telekanalların birinin efirində bildirib.
Ankara ilə Dəməşq arasında dialoqun perspektivlərini şərh edən Güler qeyd edib ki, Suriya tərəfi ilkin şərt kimi türk qoşunlarının öz ərazisindən çıxarılması üçün vaxtın təyin edilməsini irəli sürür. “Biz bu tələbi Dəməşqin regionda sülhü təşviq etmək səylərinə töhfə vermək istəməməsi kimi qəbul edirik. Suriyada yeni hərtərəfli Konstitusiya qəbul edilməli və azad seçkilər keçirilməlidir, bundan sonra biz xalqın seçdiyi hökumətlə işləməyə hazır olacağıq”, - deyə türkiyəli nazir bildirib.
Nazir bəyan edib ki, Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları sayəsində Şimali İraq və Suriyada fəaliyyət göstərən terrorçular küncə sıxışdırılıb və sərhəd bölgələrini tərk etmək məcburiyyətində qalıblar. Güler xəbərdarlıq edib: “Terrorçuları gizləndikləri yerdə də təqib edəcəyik”.
Vaşinqtonun PKK-YPG terror təşkilatının Suriya qanadının yaraqlılarına hava hücumundan müdafiə sistemləri verməsi ilə bağlı sualı cavablandıran Türkiyə Milli Müdafiə Nazirliyinin rəhbəri bəzi cinayətkar təşkilatlardan digərlərinə qarşı mübarizədə istifadənin qəbuledilməzliyini vurğulayıb.
“ABŞ-dakı dostlarımız deyirlər ki, İŞİD terrorçuları ilə mübarizə aparmaq üçün bölgədə əlavə qüvvələrə ehtiyac var. Sonra biz də deyirik ki, “nəyə ehtiyacın olduğunu söylə, onu sənə verək”. Cavab vermirlər. Bir tərəfdən, ölkələrimiz NATO-da müttəfiqdir, digər tərəfdən, onlar Türkiyə tərəfinin mövqeyini ələ salırlar”, -deyə nazir bildirib.
Gülerin sözlərinə görə, amerikalılar raket hücumlarından qorunmaq üçün Suriyaya hava hücumundan müdafiə sistemləri yerləşdiriblər. Eyni zamanda, türkiyəli nazir amerikalı təlimatçılar tərəfindən Suriyada terrorçuların hazırlanmasını qəbuledilməz adlandırıb.
Yaşar Güler Türkiyə Hərbi Hava Qüvvələrinin donanmasının modernləşdirilməsi mövzusuna da toxunub. O qeyd edib ki, Türkiyə ABŞ-dan 40 ədəd F-16 - “Viper Blok” təyyarəsi almağa çalışır və bu proses müsbət istiqamətdə davam edir. Eyni zamanda, Ankara Avropa istehsalı olan “Eurofighterlər”i də almağa hazırdır.
“Eurofighter” istehsalçıları konsorsiumuna daxil olan ən azı üç ölkə (İtaliya, İspaniya və Böyük Britaniya - red.) Türkiyəyə çoxməqsədli qırıcı təyyarələrin tədarükü ideyasını dəstəkləyir. Almaniyadan da müsbət siqnallar gəlir. Ümid edirik ki, Ankaranın müraciəti tezliklə təsdiqlənəcək”, - deyə nazir bildirib. (AZƏRTAC)