İrəvan dərk etməlidir ki, Fransa heç də dost dövlət deyil və Ermənistanı gücləndirmək məqsədi güdmür. Parisin yeganə məqsədi hər vəchlə Cənubi Qafqazda gərginliyi saxlamaqdır. Ona görə də Ermənistanın zəifləməsi də onu manipulyasiya etməyin asan olması baxımından Fransa üçün sərfəlidir.
Bu barədə Türkiyənin “HaberDeğer” nəşrində dərc olunan “Fransa Cənubi Qafqaz üçün artan təhlükədir” sərlövhəli məqalədə deyilir.
Nəşr qeyd edir ki, Fransanın Ermənistanı silahlandırması regionda yeni müharibəyə hazırlıqdan xəbər verir: “Bunu Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib. Bundan başqa, Bakı açıq şəkildə xəbərdarlıq edib ki, belə addımlar davam edərsə, Azərbaycan öz milli təhlükəsizliyinə təhdidlərin aradan qaldırılması üçün bütün lazımi addımları atmağa hazırdır”.
Məqalədə Azərbaycan-Fransa münasibətlərində davam edən gərginliyə də diqqət çəkilir. Bu kontekstdə Azərbaycan hakimiyyətinin Fransanın xeyrinə casusluq faktlarını üzə çıxarması, eləcə də Bakının Yeni Kaledoniyadakı vəziyyətlə bağlı mövqeyi ilə bağlı Parisin narazılığı xatırladılır.
Türkiyə nəşri Fransanın müstəmləkə keçmişini xatırladaraq yazır: “Azərbaycan Fransanın bütün region üçün təhlükə mənbəyi olduğunu başa düşür. Ermənistan da bunu anlamalı və Parisin bölgədəki hərəkətlərinin əsl səbəblərini təhlil etməlidir”.
Məqalədə vurğulanır ki, hazırda dünyada fransızca danışan 200 milyon insandan yalnız 68 milyonu Fransanın özündə yaşayır. “Bu gün bir sıra Afrika ölkələrində fransız dili rəsmi və ya ikinci dövlət dilidir. Paris və onun müstəmləkələri arasında mühüm bağlardan biri də dil amilidir”.
Bununla bağlı Fransanın İrəvandakı səfiri Oliver Dekotininin “X” sosial şəbəkəsində il ərzində Gümrü və İcevan şəhərlərində tələbələr üçün keçirilən fransız dili kursları ilə bağlı son paylaşımlarından birinə istinad edilir. Nəşr qeyd edir: “Əgər biz Fransanın müstəmləkəçilik siyasətinin əsasında linqvistik faktorun dayandığını bilməsəydik, bu paylaşım tamamilə normal görünə bilərdi”. (AZƏRTAC)