Türkiyədə “Göbekli Tepe” arxeoloji sahəsində tapılan və təxminən 12 400 il əvvələ aid olan daş sütunun üzərindəki işarələr bu yaxınlarda tədqiqatçılar tərəfindən deşifrə edilib.
Xezerxeber.az xarici mediaya istinadla xəbər verir ki, arxeoloqlar onların dünyanın ən qədim günəş təqvimini təmsil edə biləcəyini ehtimal edirlər. Alimlərin fikrincə, bu işarələr insan sivilizasiyasında əhəmiyyətli dəyişikliklərə səbəb olan nəhəng kometa təsirini sənədləşdirə bilər. Müvafiq araşdırma bu yaxınlarda “Time and Mind” jurnalında dərc olunub.
“Göbekli Tepe” bu gün elm adamlarına məlum olan ən qədim monumental memarlıq nümunəsi hesab olunur. O, Giza Böyük Piramidasından yeddi min il daha qədimdir, içərisində mürəkkəb oymalar var ki, arxeoloqların fikrincə, onlar “Tauida” meteor yağışını qeyd edən işarələri ehtiva edir. Bu, Yer kürəsində 1200 illik Buz dövründə - eramızdan əvvəl 10850-ci illərdə kometa fraqmentlərinin iyirmi günlük yağışı hadisəsidir. Güman edilir ki, həmin kometa zərbəsi bir çox iri heyvan növlərini məhv edib, ola bilsin ki, yeni bir din yaradıb, insanların daha sərt şəraitdə yaşaması fonunda kənd təsərrüfatının inkişafına təkan verib və Qərbi Asiyada sivilizasiyanın inkişafına səbəb olub.
Edinburq Universitetinin tədqiqat qrupunun aparıcı müəllifi Martin Svitman arxeoloji məkandakı sütunda olan “V” şəkilli oyma seriyalarının hər birinin bir günü göstərdiyini, 365 işarənin isə birlikdə on iki aydan ibarət günəş təqvimini təşkil etdiyini bildirib. Svitmana görə, boğazında “V” hərfi olan quşa bənzəyən məxluq yay gündönümünü təmsil edir; o zamanlar quşun yay gündönümü bürcünü təmsil etdiyinə inanılırdı. Sütunun yanından hər birinin boynunda “V” işarəsi olan başqa varlıqların, ola bilsin ki, tanrıların heykəlləri olduğu ehtimal edilir. Həm günəş, həm də ay dövrlərini təsvir edən oymalar dünyanın ən qədim Ay-Günəş təqvimini təşkil edə bilər ki, bu, digər oxşar təqvimlərdən minlərlə il əvvələ aiddir. “Tauida” meteor yağışının ayrı bir sütun üzərində həkk olunduğu görünür.
Svitman, həmçinin oymaların yazılı ünsiyyəti nəzərdə tutduğu versiyasını irəli sürüb. O deyib: “Görünür ki, “Göbekli Tepe” əhalisinin yaşayış yeri kometa zərbəsi nəticəsində məhv edildiyi üçün onlar səmanı diqqətlə izləyiblər. Bu hadisə sivilizasiyanın yaranmasına təkan verib, yeni bir dinin yaranmasına səbəb olub və soyuq iqlimə uyğunlaşmaq üçün kənd təsərrüfatının inkişafına şərait yaradıb. Ola bilsin ki, onların gördüklərini qələmə almaq cəhdləri min illər sonra yazılı mədəniyyətin inkişafı yolunda atılan ilk addımlar olub”.
“Göbekli Tepe” Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsində yerləşən məbəd kompleksidir. O, dəyirmi formalı, sütunlu bir quruluşdur. Alimlər hesab edirlər ki, onların tikintisi Mezolit dövründə başlayıb və bir neçə minilliklər boyu davam edib. Bəzi sütunların səthi relyeflərlə örtülüb. Uzun müddət kompleks eyniadlı təpənin altında qalıb. 1990-cı illərdən etibarən burada fəal şəkildə arxeoloji qazıntılar aparılır.