Xəzər Xəbər

Blinken: Vaşinqton İrana və İsrailə birbaşa mesaj göndərib

Dünya | 11:48 • 7 Avqust 2024
Blinken: Vaşinqton İrana və İsrailə birbaşa mesaj göndərib

ABŞ-nin dövlət katibi Antoni Blinken bildirib ki, Vaşinqton İrana və İsrailə birbaşa mesaj göndərib və Yaxın Şərqdəki gərginliyin artmasının fəsadları barədə xəbərdarlıq edib.

Xezerxeber.az xarici mediaya istinadla xəbər verir ki, Blinken ABŞ Müdafiə Nazirliyi ilə birgə keçirdiyi mətbuat konfransında deyib: “Heç bir ölkə bu münaqişəni qızışdırmamalıdır. Biz müttəfiqlər və tərəfdaşlarla intensiv diplomatiya aparmışıq və bu mesajı birbaşa İrana, həmçinin İsrailə çatdırmışıq”.

Blinken, həmçinin ABŞ-nin İsrailin təhlükəsizliyinə dair “dəmir qübbə” öhdəliyini təkrarlayıb və əlavə edib: “Region ölkələri başa düşməlidir ki, gələcək hücumlar yalnız münaqişəni davam etdirəcək, heç kimin proqnozlaşdıra və tam nəzarət edə bilməyəcəyi təhlükəli nəticələrə səbəb ola bilər”.

ABŞ-nin yüksək səviyyəli diplomatı Qəzzada atəşkəs danışıqlarında həlledici məqam olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Co Bayden, Qətər Əmiri Şeyx Tamim Bin Hamad əl Tani və Misir Prezidenti Əbdülfəttah əs-Sisi arasında telefon danışıqları olub, hazırda diplomatik proses son mərhələyə çatıb.

HƏMAS-ın yeni təyin olunmuş siyasi rəhbəri Yəhya Sinvarla bağlı suala cavab verən Blinken deyib: “O, atəşkəsə nail olunması ilə bağlı əsas qərar verən şəxs olub. Bu, həlledici məqamdır. Danışıqlar son mərhələyə çatıb və biz inanırıq ki, tərəflər tezliklə finiş xəttinə çatacaqlar”.

Blinken bölgədəki həmkarları ilə bir sıra telefon danışıqlarında İordaniyanın xarici işlər naziri Ayman Safadinin səylərini yüksək qiymətləndirib. Dövlət katibi ABŞ-ın İordaniyaya tam dəstəyini vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar